“Qarabağ” avrokuboklarda Azərbaycan təmsilçiləri arasında növbəti mərhələyə vəsiqə qazanmaq şansı ən yüksək olan komandadır”.
Bu sözləri açıqlamasında veteran futbolçu Ceyhun Sultanov avrokuboklarda iştirak edəcək Azərbaycan klublarının şanslarını dəyərləndirərkən deyib.
O, Çempionlar Liqasında “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq Ağdam klubunu ikinci təsnifat mərhələsinin favoriti hesab edib: “Qarabağ”ın komplektləşmiş heyəti var. Həmçinin bu komanda avrokuboklarda böyük təcrübəyə sahibdir. Bu nüanslar “köhlən atlar”ın mərhələ keçəcəyinə işarədir”.
Azərbaycan millisinin sabiq üzvü Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Şerif” komandasına rəqib olan “Zirə”nin güclü rəqiblə üz-üzə gələcəyini bildirib: “Şerif” bizə tanış komandadır. Bu klub bir neçə dəfə “Qarabağ”la qarşılaşıb. Çox çətin oyun olacaq. Şansları bərabər hesab edirəm. Hər şey “Zirə”nin heyətini necə formalaşdırmasından asılı olacaq”.
C. Sultanovun sözlərinə görə, Konfrans Liqasının püşkatmasında ən çətin rəqiblərdən biri “Sabah”a düşüb: “Makkabi” son illər avrokuboklarda uğurlu qrafik cızır. Beynəlxalq arenada təcrübələri çoxdur. “Zirə” – “Şerif” oyununda olduğu kimi, bu matçda da şansların 50/50-yə olduğunu düşünürəm. “Sumqayıt”a gəlincə, Macarıstan təmsilçisi “Fehervar” yaxşı komandadır. Amma Samir Abasovun əlində də keyfiyyətli futbolçular var. Bununla belə, heyət daha da gücləndirilməlidir. Bu cütdə də şansları bərabər görürəm”.
Qeyd edək ki, komandalarımız oyunlarını iyul ayında keçirəcək.