Kişi həndbolçular arasında Azərbaycan çempionu müəyyənləşib

post-img

Kişi həndbolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Mingəçevirin “Kür” Olimpiya İdman Tədris Mərkəzində keçirilən oyunda yerli “Kür”lə paytaxtın “Bakı” komandası qarşılaşıb. Görüş ərəfəsində rəqibləri cəmi iki xal ayırırdı. “Kür” 28 xalla yarış cədvəlinin birinci, “Bakı” 26 xalla ikinci pilləsində qərarlaşmışdı. Şəxsi oyunlarda üstün olan “Bakı” final xarakterli görüşdə qələbə sayəsində çempionluğu rəsmiləşdirəcəkdi. “Kür”ə isə bunun üçün heç-heçə də kifayət edirdi.

Matça daha inamlı başlayan Mingəçevir həndbolçularının fəallığı bəhrəsiz qalmayıb. İlk dəqiqələrdən təşəbbüsə yiyələnməyə çalışan ev sahibləri tədricən favorit statusunu təsdiqləməyə nail olublar. Bu işdə komandanın qapıçısı Aleksandr Milinkoviçin də rolu az olmayıb. Bir neçə epizodda qapısını real qoldan xilas edən həndbolçu komanda yoldaşlarını qələbəyə ruhlandırıb. Yerli azarkeşlərin də güclü dəstəyi ilə irəli atılan “Kür” effektli hücumlar sayəsində ilk hissəni üstün tamamlamağı bacarıb – 11:7.

İkinci hissədə vəziyyəti dəyişməyə çalışan “Bakı” hücuma atılıb. Qapıçının inamlı oyunu və müdafiədəki intizamlı çıxışı ilə diqqət çəkən “Kür” fərqin azalmasına imkan verməyib. Bu azmış kimi qonaqlar matçın son iki dəqiqəsini bir nəfər azlıqda mübarizə aparmalı olublar. Bundan layiqincə faydalanan ev sahibləri üstünlüyü sonadək qoruyaraq çempionluğu rəsmiləşdiriblər - 23:18 .

Son oyunda məğlubiyyətlə barışan “Bakı” yarışın gümüş, “Azəryol” komandası isə bürünc medalları ilə kifayətlənməli olub.

İdman