Almaniyanın dünyaca məşhur “Kicker” nəşri bu gün UEFA Avropa Liqası 1/8 final mərhələsi çərçivəsində “Bayer”lə cavab oyununa çıxacaq “Qarabağ” haqqında növbəti yazı dərc edib.
AZƏRTAC xəbər verir ki, tanınmış həmyerlimiz Rasim Mövsümzadənin müəllifi olduğu məqalə “Məşqçi Qurbanov gözəl işlər görür” adlanır və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunub:
“Müqayisə qaçılmazdır: “Qarabağ” 2008-ci ilin yayında o vaxt 36 yaşı olan Qurban Qurbanovu baş məşqçi təyin edəndə Frank Şmidt on ay idi ki, “Haydenhaym”ı çalışdırırdı, Kristian Ştreyx “Frayburq”un gənclər komandası ilə Almaniya çempionu olmuşdu (qeyd: adları çəkilənlər hazırda Almaniyada eyni komandanı ən uzun müddət çalışdıran məşqçilərdir). Azərbaycan millisinin keçmiş oyunçusu da ölkənin ən uğurlu klubu kimi formalaşdırdığı “Qarabağ”a indiyədək meydandan kənarda rəhbərlik edir.
Qurbanovun “Qarabağ”la doqquz çempionluğundan 2014-cü ilə təsadüf edən birincisinə nail olmasına altı il vaxt lazım gəlmişdi. İndi isə klub ardıcıl on mövsümdür Avropa turnirlərinin qrup mərhələsində təmsil olunur. Bakıda keçirilən ilk oyunda Leverkuzen təmsilçiləri yaxşı başa düşdülər ki, beynəlxalq təcrübəyə malik bu komandanı qiymətləndirməmək olmaz.
Vaxtilə hücumçu olan məşqçi komandasına da hücum futbolu oynadır. Onun oyunları kənardan təmkinlə izləməsi və bu özünəinamı futbolçularına da aşılaması xüsusilə diqqəti çəkir. Üstəlik, Qurbanov ölkəsindən kənarda da “Cənab Fair Play” kimi tanınır. O, 2022-ci ildə Konfrans Liqası pley-off mərhələsinin “Marsel”lə cavab matçında oyunçularından biri əllə qol vuranda, qayda pozuntusunu görməyən hakimə bu barədə məlumat verilməsini istəmişdi. Nəticədə “Marsel” 3:0 hesabı ilə qalib gəlmişdi. Ancaq “Bayer” belə alicənablığa arxalanmamalıdır”.
Qeyd edək ki, “Qarabağ” “Bayer”lə Bakıda keçirilən ilk matçda 2:2 hesablı heç-heçə edib. Komandalar arasında cavab qarşılaşması bu gün Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.