Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi olub

post-img

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub, Dövlət bayraqları arenanın mərkəzinə gətirilib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək bildirib ki, hər il respublikamızda gimnastika növləri üzrə keçirilən mötəbər yarışlar və qazanılan nailiyyətlər Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın idmanın bu növünün inkişafına verdiyi önəmin nəticəsidir. Nazir bu yarışın Azərbaycanda idman gimnastikasının inkişafında və təbliğində əhəmiyyətli rol oynayacağına, idmançıların təcrübə əldə etmələrinə şərait yaradacağına inandığını diqqətə çatdırıb.

Sonra Dünya Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 67 ölkədən ümumilikdə 590 kişi və qadın gimnast qüvvəsini sınayacaq.

Dünya Kubokunda Azərbaycanı kişilərdə Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, parallel qollar, turnik), Rəsul Əhmədzadə (dəstəli at, parallel qollar), Mənsum Səfərov (turnik, sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər), qadınlarda isə Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

Dördgünlük yarışların yekununda, həmçinin ən yüksək icra xalı toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.









İdman