“Oyunu idarə edir bakılı hakim Rüstəm Rəhimov”

post-img

Avropa futbolunda “Qarabağ”ın hünər və əzəmətindən qürur duyduğumuz bu gözəl bayramlar ayında oxuculara daha bir milli futbol adamı – ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində mövsümün yekunlarına görə 3 dəfə SSRİ-nin ən yaxşı 10 hakimi siyahısına daxil edilmiş bakılı Rüstəm Tələt oğlu Rəhimovddan söz açmaq istəyirəm. Bu gün, martın 6-sı onun günüdür – 76 yaşının tamam olması münasibətilə təbrikləri qəbul edir.

Azərbaycan Futbol Federasiyaları Assosiasi­yasının (AFFA) 2011-ci ildə nəşr etdirdiyi “Azər­baycan futbolu—100” albomundan götürüb, bu gün sizə də göstərdiyimiz foto 1988-ci il ma­yın 18-də, 51-ci SSRİ çempionatının “Dinamo” (Minsk) – “Dinamo” (Kiyev) görüşündə lentə alın­mışdır. Bakılı hakimlər briqadası – R.Rəhimov (şəkildə mərkəzdə), köməkçiləri Gülağa Cab­barov (onun sağında) və Yevgeni Gerasimenko artıq işə başlamağa hazırdırlar. Tamaşaçılar da tribunalarda öz yerlərini tutmuşlar. İndicə Belarus və Ukrayna paytaxtları klublarının prinsipial görü­şünə start veriləcək.

Futbolu, bu gözəl oyunla birlikdə həm də hə­yatı dünya şöhrətli hakimlər kimi tərk etmiş To­fiq Bəhramov və Eldar Əzimzadənin davamçısı R.Rəhimovun təkcə SSRİ çempionatlarında və ölkə kuboku yarışlarında 120-dən çox oyun idarə etməsi, onların böyük əksəriyyətində hakimliyinin yüksək qiymətləndirilməsi, üç il isə, yuxarıda de­diyimiz kimi, Sovet İttifaqının ən yaxşı on hakimi siyahısında yer alması onun yüksək səviyyəli ha­kimliyinin təsdiqidir. İndi Rüstəm müəllim Moskva­nın nəhəng “Lujniki” stadionundan tutmuş ölkənin bütün böyük futbol şəhərlərinin hamısında idarə etdiyi çempionat və kubok yarışları oyunlarında hakimliyini xatırlayarkən razı qala bilər. O öz fut­bol həyatında çoxlu maraqlı anlar yaşamışdır.

Azərbaycan idmanında məşhur simalardan biri, respublikamızın Əməkdar bədən tərbiyəsi və idman xadimi Rüstəm Rəhimov hazırda çoxillik səmərəli fəaliyyətini AFFA-nın Futbol Veteranları İttifaqının sədr müavini, Azərbaycan Həvəskarlar Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü kimi davam etdirir, yeri gələndə zəngin hakimlik təcrübəsini də davamçıları ilə bölüşür. Təşkilatçı­lıq bacarığı da öz yerində.

Yuxarıda xatırladığımız Minsk dinamoçuları ilə onların kiyevli qonaqlarının görüşünün necə nəti­cələndiyini öyrənmək də maraqlı idi. Bu məqsəd­lə internet məlumatlarına müraciət etdikdə məlum oldu ki, R. Rəhimov 36 il əvvələ təsadüf etmiş hə­min oyunda üç dəfə meydanın mərkəzini göstər­mişdir. Hesabı birinci hissədə minskli məşqçi, bir vaxtlar SSRİ yığma komandasında bizim Anatoli Banişevskinin oyundaşı olmuş Eduard Malofe­yevin yetirmələri açmış (Viktor Sokol), fasilədən sonra isə onun kiyevli həmkarı Valeri Lobanovski­nin komandası bir qolun əvəzini ikiqat artıqlaması ilə çıxmışdır. Ukrayna futbolçularına 2:1 hesablı qələbə qazandıran hər iki topu Oleq Protasov vur­muşdur. Stajlı futbol həvəskarlarımız Sokolu da, Protasovu da Bakıda “Neftçi” ilə görüşlərdə çox görmüşlər.

R.Rəhimova sabah keçiriləcək UEFA Avropa Liqası turnirinin səkkizdəbir final yarışlarının “Qa­rabağ” (Ağdam, Azərbaycan)—“Bayer” (Leverku­zen, Almaniya) görüşündə fərəhli anlar yaşayıb, mükəmməl oyunumuza və uğurlu nəticəmizə şa­hidlik etmək arzusu ilə.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman