Cüdoçularımızdan Avropa kubokunda 16 medal

post-img

Azərbaycanın cüdo komandası Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında keçirilən Avropa kuboku yarışında uğurla çıxış edib. 

Yığmamız turniri 4 qızıl, 5 gümüş və 7 bürünc medalla başa vurub. Bununla da milli komanda yarışda medal əyarına görə, ümumi hesabda birinci, qızlar və oğlanlar arasında isə ikinci yerdə qərarlaşıb. 

Turnirdə cüdoçularımızdan oğlanların mübarizəsində Bahadır Feyzullayev (50 kq), Nihad Məmişov (55 kq) qızıl medal əldə ediblər. Mehdi Abbasov (81 kq), Sübhan Axundov (+90 kq) gümüş medal qazanıblar. Qüdrət Yusif (55 kq), Mirxaliq İskəndərov (60 kq), Ümüd Qurbanov və Kənan Sadıqov (hər ikisi 66 kq) bürünc medala sahib olublar.

Qızlar arasında isə Xədicə Abdullayeva (40 kq), Vüsalə Hacıyeva (52 kq) qızıl, Leyla Ələkbərova (44 kq), Aysun Məmmədova (52 kq), Aytən Verdiyeva (57 kq) gümüş, Nərmin Məmmədli (44 kq), Diana Eldarova (48 kq), Nilgün Rzayeva (57 kq) bürünc mükafat qazanıblar. 

Qeyd edək ki, Azərbaycan Avropa Kubokunda 57 idmançı ilə təmsil olunub.

Leyla QURBANOVA
XQ

İdman