İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” 5 nominasiya üzrə olacaq

post-img

Yanvarın 10-da “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın münsiflər heyətinin mətbuat konfransı təşkil edildi.

Festivalın baş prodüseri, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Arzu Qulamov Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi layihənin ikinci dəfə həyata keçirildiyini dedi. Layihənin uğurlu olduğunu qeyd edən A.Qulamov bildirdi ki, əvvəlki festivala 70 layihə təqdim olunmuşdu və 40 layihə əsas festivalın gündəliyinə salınmışdı. 

O, qeyd etdi ki, bu festivalda 5 nominasiya olacaq. Vurğulandı ki, festivala hazırlıq dekabrın 5-dən başlayıb.

Festivalın münsiflər heyətinin sədri Zemfira Meftahətdinova dünyada qadın idmanına çox böyük marağın olduğunu dedi.

Olimpiya çempionu budəfəki festivalda 5 nominasiyadan ikisinin qadın və uşaq idmanı ilə bağlı olduğunu bildirdi:
-Artıq dünyanın hər yerində qadın idmanına böyük diqqət var. Beynəlxalq Olimpiya Komitəsinin şərtlərindən biri də budur ki, olimpiadada gender bərabərliyi təmin olunsun. Azərbaycanda qadın idmanının inkişafı istiqamətində atılan addımlar öz bəhrəsini verir. 

Z.Meftahətdinova əlavə etdi ki, festival gənclərin idmana marağının artmasına da kömək olur: 
-Layihə bölgələrdə qızların idmana maraqlarının artırılması istiqamətində də mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, festivalın münsiflər heyətinin sədri Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinovadır. Üzvlər isə rejissor, ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev, “Vətən” uşaq yaradıcılıq mərkəzi ictimai birliyin təsisçisi Zəhra Quliyeva, “Parni iz Baku” KVN komandasının üzvü, ssenarist və rejissor Ənvər Mansurov, Əməkdar jurnalist Xanlar Məmmədovdur. Festival müəyyən olunmuş nominasiyalar üzrə ən yaxşı işləri seçib, qalibləri müəyyən edəcək. Eyni zamanda, festivalın rəsmi internet səhifəsində tamaşaçı səsverməsi aparılacaq və ən çox baxış sayı toplamış layihələr təltif olunacaq.

L.Qurbanova

XQ

İdman