Voleybol: 2023-ün yekunları

post-img

Faiq Qarayev baş məşqçiliyində qaldı

Azərbaycanda hələ XX əsrin ortalarından məşhurlaşmağa başlayan voleybol bu günümüzdə də sevilir və populyarlığını artırır. Xüsusən qadın voleybolunun ölkəmizdə inkişafını vurğulamaq lazımdır. Təsadüfi deyil ki, dünyada ilk və 4 dəfə Olimpiya mükafatçısı olan voleybolçu məhz Azərbaycan voleybol məktəbi­nin yetirməsi olan İnna Rıskaldır. Bu inkişaf müstəqillik illərində də davam edib.

Dekabrın 27-də Azərbaycan Voley­bol Federasiyasının (AVF) 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konf­ransında müstəqillik illərində voleybolun inkişafından danışılıb, ölkəmizdə bu id­man növünə olan böyük maraqdan söh­bət açılıb.

Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov AVF-dəki son dəyişiklik­lərdən sonra sonra qısa müddət ərzində bu idman növünün inkişafı istiqamətində çoxlu işlərin görüldüyünü bildirib. “Xarı Bülbül” komandasının üzləşdiyi maliyyə problemi barədə danışarkən nazir qeyd edib ki, nazirlik hansısa kluba birbaşa dəstək göstərə bilməz. O, eyni zamanda deyib ki, Azərbaycanda klubların sayının artması üçün çalışmalıyıq. 

Nazir 2023-cü ilin bizim üçün uğurlu olduğunu vurğulayıb:

– Yeni ilə yaxşı nəticələrlə gedirik. 30 ildən sonra Xankəndidə təşkil olunan fut­bol yarışı ilin ən vacib idman tədbiri idi. Bu il bizim üçün çox uğurlu oldu və bura­da voleybolçularımızın da payı var. 

Tədbirdə müxtəlif vaxtlarda yığmanın “sükanı arxasında” olan Faiq Qarayevin yenidən voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi və­zifəsinə təyinatı açıqlanıb. Azərbaycan Voleybol Federasiyasının prezidenti Şa­hin Bağırov təcrübəli mütəxəssisin ən azı 2026-ci ilə qədər yığmada baş məşqçilik edəcəyini deyib. Qurum rəsmisi voleybo­lun inkişafı üçün görülən işlər sayəsində yaxın 2-3 il ərzində yeniyetmələr arasın­da voleybola həvəsin artacağına legio­nerlərin sayının azalacağına ümid etdiyini bildirib: 

–Bakıda və regionlarda bir sıra se­leksiya işləri aparılıb. Bu idman növü ilə məşğul olan, müvafiq normalara uyğun 150-yə yaxın qız və oğlan seçilib. Bütün bunlar uşaq voleybolunun da inkişafı üçün vacib addımlardır.

Faiq Qarayev 2024-cü ildə voleybol­da məşqçiliyinin 40 ilinin tamam olacağını bildirib. O qeyd edib ki, voleybol həmişə yüksəklərdə olub və o, hazırda gedən deqradasiya prosesləri kənardan izləyə bilməzdi: 

– Bu təklifi qəbul edərkən çox fikirləş­dim. Şərəfli və məsuliyyətli işdir. Voley­bolda durğunluq hökm sürür ki, bunun da bir sıra səbəbləri var. Məndən soruşurlar ki, voleybolda yeni uğurlarımız nə vaxt olacaq. Baş məşqçi postuna seçiləndə qarşıma məqsəd qoydum ki, bu idman növünü inkişaf etdirməliyik. Geriyə yol yoxdur, ancaq irəli baxmalıyıq. 

Bundan əvvəl yığmaya rəhbərlik edən türkiyəli Ataman Güneyligili əvəz edən 64 yaşlı mütəxəssis voleybol klublarının fəa­liyyətinin dayandırılmasına da münasibət bildirib:

– Bu günə kimi 10-11 komanda fəa­liyyətini dayandırıb. Belə olmasaydı, Azərbaycanda xeyli sayda voleybol klu­bu olardı. Baş məşqçi klubların 80-90 faiz “yükü”nün federasiyanın üzərində olduğunu da qeyd edib. Klubların sayını artırmaq əsas məqsədlərdəndir. Hazırda 11-12 voleybolçumuz xaricdə çıxış edir və onları geri qaytarmaq lazımdır. 

L.QURBANOVA
XQ

İdman