Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı başlayıb

post-img

Dekabrın 15-də Hövsanda yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) sağlamlıq mərkəzində kişi və qadın cüdoçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov ölkə çempionatının 43-cü dəfə təşkil olunduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda 3 mindən çox uşaq bu idman növü ilə məşğul olur. Bölgələrdə, hətta işğaldan olunmuş Zəngilan rayonunun Ağalı kəndində də cüdo məktəbinin fəaliyyət göstərdiyini bildirən E.Məmmədov bu il beynəlxalq yarışlarda 62 cüdoçunun medallar qazandığını söyləyib. O, qeyd edib ki, qadınlar arasında da bu idman növü inkişaf etdirilir. 

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Azərbaycan çempionatı barədə məlumat verib. O bildirib ki, yarışda 26 şəhərdən 300-dən çox cüdoçu iştirak edəcək. Rəşad Rəsullu “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı da danışıb. Vurğulanıb ki, bu nüfuzlu yarışda Azərbaycana medal qazandırmaq üçün ciddi səylər göstəriləcək. 

Sonra Azərbaycan cüdoçularının builki çıxışları ilə bağlı qısa videoçarx nümayiş etdirilib.

Daha sonra yarışa start verilib. Azərbaycan çempionatı dekabrın 17-dək davam edəcək. 



İdman