Çövkən daha tarix deyil

post-img

Bu gün isə Prezident Kuboku turniri start götürür

Atüstü milli oyunlarımızın qorunub saxlanılması, tarixi atçılıq ənənələrimizin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, həmçinin gənc nəsildə bu idman növlərinə maraq oyadılması məqsədi ilə artıq 10-cu ildir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən üzrə Prezident Kuboku yarışı keçirilir. 

Dekabrın 14-də “Sərhədçi” İdman Mərkəzində turnirin püşkatma mərasimi və mətbuat konfransı təşkil edilidi. 

Tədbirdə çıxış edən ARAF-ın baş ka­tibi Bəhruz Nəbiyev milli atüstü oyunları­mızla bağlı məlumat verdi. O qeyd etdi ki, çövkən oyununa maraq getdikcə artır: 

– 2014-cü ildən başlayaraq Prezi­dent Kuboku turniri keçirilir. Builki yarış 10-cu – yubiley turniridir. Ötən 9 yarışda 6 dəfə “Sərhədçi”, hərəyə 1 dəfə “Omar”, “Buta Golden” və “Polad” komandaları qalib olublar. Təqdirəlayiq haldır ki, Azər­baycanda ta qədimdən mövcud olmuş çövkən nəinki öz aktuallığını itirmədən zəmanəmizə qədər gəlib çatıb, həm də gündən-günə daha da populyarlaşır. Həqiqətən maraqlı olan bu yarışların bütün dünyada özünə tezliklə daha çox pərəstişkarlar qazanacağına inanırıq.

Bəhruz Nəbiyev bildirdi ki, federasiya bu ilin noyabrında Binə Atçılıq Mərkəzin­də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı – dünya çempionatını keçirib. O, ölkəmizdə atçılığın inkişafı, dünya şöhrətli idmançıların yetişdirilməsi, gənc­lərimizdə bu idman növünə maraq oyat­maq, həmçinin “Qarabağ” və “Dilbaz” milli at cinslərinin qorunması və təbliğatı baxımından tədbirin əhəmiyyətini qeyd etdi. Vurğuladı ki, bu, bir başlanğıcdır və gələcəkdə belə nüfuzlu yarışların təşkili davam edəcək. Eyni zamanda, növbəti beynəlxalq yarışlarda daha çox əcnəbi komandanın qatılması ilə bağlı işlər gö­rüləcək. 

Mərasimdə o da bildirildi ki, çövkən oyununun qaydaları nəzərdən keçirilib və bir sıra dəyişikliklər edilib. Meydanın ölçülərinə uyğun komandada oyunçula­rın sayı 5-dən 4-ə endirilib. Bu da qapalı – ölçüsü kiçik olan meydanlarda oyunla­rın daha maraqlı keçirilməsinə yönəlib. Bundan başqa, ilk dəfə “Şirvan”, “Zəfər” və “Embawood” komandaları da ənənəvi yarışda iştirak edəcəklər. 

Onu da qeyd edək ki, Prezident Ku­bokunda yalnız milli cins atlar yarışacaq­lar. Püşkatmanın nəticəsinə əsasən, 8 komanda hərəsində dörd olmaqla iki qru­pa bölünüb. A qrupunda “Sərhədçi-Qara­bağ”, “Polad”, “Köhlən” və “Şirvan” klub­ları, B qrupunda isə “Sərhədçi-Dilbaz”, “Omar”, “Zəfər” və “Embawood” kollektiv­ləri yer alıblar. 

Bu gün Binə Atçılıq Mərkəzinin qapalı manejində turnirə start veriləcək. Dekab­rın 15, 17 və 19-da qrup oyunları, dekab­rın 21-i yarımfinal və dekabrın 24-ündə isə turnirin finalı baş tutacaq. Qrup oyun­larının nəticələrinə əsasən, hər iki qrupu 1 və 2-ci yerlərdə bitirən komandalar ya­rımfinala yüksələcək. Oyun günləri yarış­lar saat 10:00-da start götürəcək. 

Leyla QURBANOVA
XQ



İdman