Azarkeşlər dekabrın 14-da UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda “Qarabağ” və İsveçin “Hekken” komandaları arasında keçiriləcək oyuna gələrkən, əsasən, ictimai nəqliyyata üstünlük versinlər.
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O, matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika Stadionunun ictimai nəqliyyat üçün əlverişli olduğunu bildirib:
– Ərazidə metronun “Gənclik” stansiyasının olması və avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə, əsasən, ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika Stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.
DYP rəsmisi oyunun keçirildiyi əraziyə bir saat əvvəldən gəlməyi tövsiyə edib.
Qeyd edək ki, “Qarabağ” – “Hekken” oyunu dekabrın 14-də, saat 21:45-də başlayacaq.
Leyla SABİRQIZI
XQ