Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

post-img

Azərbaycan Premyer Liqasının XVI turunda üç oyun böyük hesabla nəticələnib.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, bu, “Qarabağ”ın “Sumqayıt”ı 6:1, “Kəpəz”in “Qəbələ”ni 3:0, “Sabah”ın “Səbail”i 4:0 hesabı ilə məğlub etdiyi görüşlərdə reallaşıb.

Turun hər günündə bir matçda üç və ya daha çox top fərqi qeydə alınıb. “Qarabağ”la “Kəpəz” rəqib meydanında, “Sabah” isə evdə bu uğura imza atıb.

Eyni turda üç böyükhesablı nəticənin qeydə alınması mövsümün rekordunun təkrardır. İlk turda da üç fərqli günün hərəsində bir matç belə nəticələnib.

Avqustun 4-6-da keçirilən görüşlərdə “Araz-Naxçıvan” “Turan Tovuz”a 0:3, “Səbail” “Sumqayıt”a 1:4 hesabı ilə uduzub. “Sabah” isə “Qəbələ”ni 5 cavabsız qolla üstələyib.

Cari mövsümün 16 turunda 15 matçda böyükhesablı nəticəyə təsadüf olunub. 8 dəfə meydan sahibləri, 7 dəfə qonaqlar qalib gəlib.

Bundan başqa, Premyer Liqanın son turunda 19 qol vurulub. “Sumqayıt” – “Qarabağ” oyununda (1:6) yeddi, “Neftçi” – “Turan Tovuz” matçında (3:2) beş, “Sabah” – “Səbail” görüşündə (4:0) dörd, “Qəbələ” – “Kəpəz” qarşılaşmasında (0:3) üç qol qeydə alınıb. Yalnız “Zirə” ilə “Araz-Naxçıvan”ın dueli qolsuz bitib. Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bu, həm 2023/24 mövsümünün, həm də son iki ilin rekordunun təkrarıdır. Cari çempionatın X turunda da 19 qol vurulub. Oktyabrın 20-22-dəki matçların orta məhsuldarlığı 3,80-ə bərabərdir.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 25 ay əvvəl təsadüf olunub. 2021/22 mövsümünün X turunda 4 oyunda 17 qol vurulub. 2021-ci il noyabrın 6-7-dəki matçların orta göstəricisi 4,25-ə bərabər olub.

İdman