Bakıda FIA-nın mükafatlandırma mərasimi çərçivəsində mətbuat konfransı keçirilib

post-img

Bakıda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mükafatlandırma mərasimi – “FIA Prize-Giving Ceremony” çərçivəsində mətbuat konfransı keçirilib.

Konfransda çempionatların qalib pilotları öz karyeralarında baş verən maraqlı hadisələri jurnalistlərlə bölüşüblər.

Formula 1 üçüncüsü Lyuis Hamilton pilotluğun hər zaman çətin və həyəcanverici olduğunu deyib. O qeyd edib: “Yeni pilotların bir çoxu ilə tanış oldum. Düşünürəm ki, onlar olduqca rəqabətli mövqedədirlər. Müəyyən dövrlərdə hər bir pilotun həyatında enişlər olur. Bu zaman diqqətimizi yenidən cəmləmək, qarşımıza yeni məqsədlər qoymaq lazımdır. Pilotlar özlərini daim inkişaf etdirməlidirlər. Sözsüz ki, burada komanda ruhu da önəmlidir. Mənim komandamda heç kim geri çəkilmədi, bu isə məni çox həvəsləndirdi”.

Levis Hamilton Bakıda keçirilən FIA-nın mükafatlandırma mərasiminin təşkil edildiyi məkanın çox gözəl olduğunu deyib. “Biz burada bir araya gəlib heyrətamiz nailiyyətləri qeyd edəcəyik. Öz karyerasında heyrətamiz işlər görən böyük insanlarla bir arada olacağıq”, - deyə o əlavə edib.

Formula 1 çempionu Maks Verstappen öz qələbəsi barədə bunları deyib: “İnsan ard-arda qələbə qazandıqdan sonra bunu davam etdirmək istəyir. Pilotlara qalibiyyətlə bağlı göstərilən təzyiqlər həmişə nəticənin yaxşı olması üçündür. Əlimdən gələnin ən yaxşısını etməyə və bundan həzz almağa çalışsam, hər şey yaxşı olacaq. Davamlı uğur qazanmaq həmişə sizin istəyinizlə bağlı deyil, həm də avtomobildə özünüzü təkmilləşdirərək yarışlar qazanmağa çalışmaqdır. Ətrafdakı rəqabətə qarşı hər zaman sakit olun”.

Kartinq üzrə dünya çempionu Drays Van Langendonk bütün pilotların il ərzində çoxlu sınaqlara hazırlaşdıqlarını qeyd edib. Onun sözlərinə görə, yarışda, ən əsası, təkərlərin idarə olunmasıdır. “Son yarışımda təzyiqlərdən az xəbərdar olduğumuz üçün ilk dövrədə geridə qaldım, daha sonra isə gözəl ötürmə ilə önə keçdim. Son anda çempion olduğumu başa düşdüm”, - deyə o vurğulayıb.

“Red Bull Racing” komandasının rəhbəri Kristian Horner bildirib ki, yarışlarda komanda inkişaf etdikcə siz həmişə mükəmməlliyə can atırsınız və daim təkmilləşməyə çalışırsınız. O , həmçinin bildirib: “Bu mövsümdə inkişaf etdirə biləcəyimiz çox şey var. Düşünürəm ki, biz daha da təkmilləşmək üçün daha yaxşı işlər görə bilərik. Məncə, inkişafa, təkmilləşməyə davam etmək lazımdır. Bu, bütün komandanı hərəkətə gətirir”.

“Ralli-reyd” üzrə dünya çempionu Naser əl Attiyah ölkələrarası səyahətin asan olmadığını bildirsə də, Azərbaycanı olduqca bəyəndiyini bildirərək deyib: “Səyahətə çıxmazdan əvvəl qələbə əldə etmək üçün yola çıxdığımı düşünürəm. İdman həyatımın bir çox məqamında mənə kömək edib. Öz üzərimdə çox çalışıram, bu, olduqca maraqlıdır”.

Karyerasının ən uğurlu yarışlarının Azərbaycanda olduğunu bildirən pilot Metyu Baumel burada olmaqdan məmnunluğunu bildirib. O qeyd edib: “Biz artıq yeni mövsümə başladıq. Mən özümü cari ildə çox yaxşı formada hiss edirəm. Həmişə ilk üçlükdə, ilk beşlikdə olmağı bacarmışam və düşünürdüm ki, yenə çempionluq əldə edəcəyəm. Özümü komanda ilə çox yaxşı hiss edirdim. Qarşıda bizi həyəcanlı anlar gözləyir”.

Formula 1 çempionu Jake Dennis yarışdan sonra bir çox fərqli emosiyalar yaşadığını deyib. “Sonda çempionluğu qazandıq. Bu, kifayət qədər asan idi və bəli, biz açıq-aydın hər yarışda öz rekordumuzu qırdıq. Bu səbəbdən bu il bizim üçün olduqca xüsusi bir il oldu. Ətrafımda əla komanda var idi”.





İdman