Azərbaycan Premyer Liqasında son 5 mövsümün rekordu qeydə alınıb

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün üçüncü het-triki qeydə alınıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, “Qəbələ”nin futbolçusu Bilel Auşeriya buna “Turan Tovuz”la ev oyununda üç qol vurmaqla nail olub. Bu görüşdə meydan sahibləri 4:0 hesabı ilə qalib gəliblər. Auşeriyaya qədər “Qarabağ”dan Yassin Benzia, “Sabah”dan Davit Volkov het-trik müəllifi olub. Bununla da Premyer Liqada son 5 mövsümün rekordu qeydə alınıb.

Sonuncu dəfə bir çempionatda 3 het-trikə 2018/2019-cu illər mövsümündə təsadüf olunub. Həmin vaxt Mahir Emreli iki, Dani Kintana bir matçda belə məhsuldarlıq nümayiş etdirib.

Het-trik sayında ölkə çempionatlarının mütləq rekordu 1992-ci ildə gerçəkləşib. Həmin vaxt 22 dəfə bir oyunçu üç qol vurub.

Bu qarşılaşma “Turan Tovuz” Azərbaycan çempionatlarında 50-ci oyunu olub. Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi bu müddətdə 14 qələbə qazanıb, 12 heç-heçə edib və 24 dəfə məğlub olub. 50 matçda 57 qol vuran komanda 71 top buraxıb.

Yalnız bir baş məşqçinin rəhbərliyi altında çıxış edən “Turan Tovuz” Ayxan Abbasovun başçılığı ilə 50-ci çempionat görüşünü keçirib. “Turan Tovuz” evdə 24, səfərdə 26 qarşılaşmaya çıxıb.

Qərblilər ölkə çempionatında 50 və daha çox matç keçirən 46-cı komandadır.

Ötən turun digər əlamətdar hadisəsi “Səbail” – “Kəpəz” matçında qeyd alınıb. Mövsümün ilk 13 oyununda meydanı qolsuz tərk etməyən Bakı klubunun qol seriyası qırılıb. “Dənizçilər” “Kəpəz”in qapısına yol tapmayıb. XIV turun matçı qolsuz heç-heçə ilə başa çatıb. Paytaxt təmsilçisi əvvəlki 13 görüşdə 22 qola imza atıb. “Səbail” mövsümün startındakı qollu oyunlar sayında son 23 mövsümün rekordunu təkrarlayıb.

“Neftçi” 2018/2019-cu, “Zirə” 2021/2022-ci, “Qarabağ” isə 2022/2023-cü illər mövsümündə ilk 13 görüşü qol vurmadan tərk etməyib.

Ölkə çempionatlarının 31 illik tarixində yalnız iki komanda daha uzun seriyaya malik olub. “Kəpəz” 1993/1994-cü, “Neftçi” 2000/2001-ci illər mövsümündə startda ardıcıl 14 oyun qol sevinci yaşayıb. Tarixin 3-cü nəticəsinə şərik olan “Səbail” bu rekordun bir addımlığında dayanıb.

İdman