Azərbaycan Güləş Federasiyasının (AGF) təşkilatçılığı ilə məşqçilərin ümumrespublika seminarı çərçivəsində növbəti tədbir Göyçayda keçirilib.
Seminarda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) baş müəllimi Mehman Nəcəfov məşqlərin bölgüsündən danışıb, taktiki hazırlıq məsələlərinə aydınlıq gətirib. U-20 milli komandanın yunan-Roma güləşi üzrə böyük məşqçisi Nurəddin Rəcəbov diqqəti fiziki hazırlıq üzrə məşqlərə və texnika üzərində çalışmalara istiqamətləndirib. O deyib ki, güləşçilərin vitaminlər və müxtəlif dərmanlardan istifadəsinə nəzarət gücləndirilməlidir. Sərbəst güləş üzrə U-17 milli komandanın məşqçisi Vahid Məmmədov isə fəndlərin mükəmməl icrası üçün məşqlərdə elementləri dəfələrlə təkrarlamaq lazım olduğunu bildirib.
“London-2012”nin bürünc medalçısı, yunan-Roma güləşi üzrə U-20 milli komandanın məşqçisi Emin Əhmədov Seminarın praktiki hissəsində funksional hazırlığın önəmini vurğulayıb.n I-S kateqoriyalı hakim Sədi Quliyev isə xalçadan kənara çıxarkən edilən fəndlərin qiymətləndirilməsindən, parter, rəqibi bloklama qaydalarından bəhs edib.
Seminarda AGF-nin nümayəndələri məşqçilərin suallarını cavablandırıblar. Tədbirdə irad və təkliflər müzakirə olunub. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.
Leyla SABİRQIZI
XQ