Futbol millimiz bu axşam Tallində neyləyəcək?

post-img

Azərbaycanın milli futbol komandası bu gün Estoniyanın paytaxtı Tallin şəhərinin qonağıdır. Yığmamız Avropa çempionatı–2024-ün seçmə mərhələsi çərçivəsində növbəti görüşünü bu Baltikyanı ölkə komandası ilə keçirəcəkdir. “F” qrupunda mübarizə aparan hər iki kollektiv turnir məsafəsinin birinci yarısında pərəstişkarlarının ümidini doğrultmamışdır.

Rəqiblərin hərəsinin he­sabında ötən yay “Dalğa Arena”da heç-heçə (1:1) oy­nadıqları görüşdə qazandıq­ları 1 xal var. İndi onlar arzu­olunmaz mövqelərdə—turnir cədvəlinin son iki pilləsində qonşudurlar. Estonlar beş, Azərbaycan futbolçuları dörd görüş keçirmişlər.

Qrupun liderləri isə beş oyunda hərəyə 13 xal qaza­nan Belçika və Avstriyadır. Üçüncü pillədə irəliləyən İs­veç 6 xal toplamışdır.

Xarici ölkə klublarında çıxış edən Azərbaycan mil­lisinin hücumçuları koman­damızın düşərgəsinə yaxşı əhval-ruhiyyə ilə gəlmişlər. Rinat Dadaşovun şərəfini qo­ruduğu “Hatayspor” Türkiyə Superliqasının 8-ci turunda “Konyaspor”a qalib gəlmiş (3:1) və qollardan ikisinin müəllifi Rinat olmuşdur. “Di­namo” (Zaqreb) Xorvatiya birinciliyinin növbəti turunda “İstra”üzərində böyük he­sabla qələbə qazanmışdır (3:0). Toplardan biri Mahir Emrelinin ötürməsi ilə vu­rulmuşdur. Tərkibində Musa Qurbanlının da çıxış etdiyi Stokholmın “Yurqorden” ko­mandası İsveç çempiona­tının 26-cı turunda səfərdə “Varberq”i məğlubiyyətə uğ­ratmışdır (1:0). Bütün bunlar Tallin matçı ərəfəsində yaxşı əlamətdir.

Estonlarla görüşdən üç gün sonra, oktyabrın 16-da Azərbaycan komandası­nı Bakıda Avstriya ilə daha ağır sınaq gözləyir. Bugünkü oyunda qələbə liderlə görüş ərəfəsində yerinə düşər, ko­mandanın öz qüvvəsinə ina­mını artırar.

Estoniya—Azərbaycan görüşündə topa ilk zərbə Bakı vaxtı ilə saat 20-də endi­riləcək. Meydanda ədaləti qo­rumağı isə UEFA almaniyalı hakimlər briqadasına həvalə etmişdir.

Bu gün bizim qrupda ke­çiriləcək digər oyunda liderlər “münasibətləri aydınlaşdı­racaqlar”: Avstriya–Belçika. Görək bu görüşlərdən sonra kimin üzü güləcək…

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman