Bunu son nəticələr də sübut edir
Müasir dövrün ən populyar idman növlərindən biri olan ağırlıqqaldırma yarışları qədim Misir, Yunanıstan və Çin dövründən məlumdur. Eramızdan əvvəl daşlardan müasir ştanqların bəzi prototiplərinin düzəldilməsi haqqında çoxlu sübutlar var. Bu qədim idman növünə Azərbaycanda da böyük maraq olub. “Odlar yurdu”nun pəhləvanları ağırlıq qaldırma üzrə ad-san çıxarıb, səs-soraqları elləri, obaları gəzib dolaşıb.
Digər idman növləri kimi, ağırlıqqaldırmanın da kütləviliyi və inkişafı da Azərbaycanın müstəqillik dövrünə təsadüf edib. Nizami Paşayev 2000-ci illərin əvvəllərində dünya çempionatının dördqat qalibi kimi şöhrət qazanıb. Digər ağırlıqqaldıranlarımızın dünya, Avropa çempionatlarında yüksək nəticələri bu idman növünün inkişafından xəbər verirdi. 2016-cı ildə Azərbaycanın ağırlıqqaldırma üzrə yığmasının dopinqdən istifadəyə görə ağır cəza alaraq yarışlardan kənarlaşdırılması bu idman növünün inkişafını xeyli ləngitsə də, son illər yeniyetmələrdən ibarət komandamızın qazandığı yüksək nailiyyətlər güclü idmançı nəslinin yetişməsindən xəbər verir.
Yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi Oktay Muxtarov “XQ”yə müsahibəsində son illər əldə uşaq və yeniyetmələr arasında ağırlıqqaldırmanın kütləviliyinin artırılması istiqamətində görülən işlərdən danışdı. O qeyd etdi ki, ağırlıqqaldırma çətin idman növü olduğundan onunla kiçik yaşlardan məşğul olmaq, sirlərinə yiyələnərək təcrübə toplamaq lazımdır. Bununla yanaşı, azyaşlıların effektiv çalışmaları üçün müvafiq infrastruktur qurulmalı, mütəxəssislər yetişdirilərək iş imkanı yaradılmalı, digər faktorlar nəzərə alınaraq müvafiq addımlar atılmalıdır. Məhz bundan sonra Olimpiya zirvələrini fəth edəcək gənclərin yetişməsi mümkün olacaq, qələbələrə şahidlik edəcəyik.
Kəndlər də çempion yetişdirəcək
Məşqçi bildirdi ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) son illər ölkəmizin müxtəlif regionlarındakı yeniyetmə və gənc idmançıların seçilməsi, yığma komandaların heyətinə cəlb edilərək beynəlxalq arenalarda çıxışını təmin edib: “Azərbaycanda adətən Mərkəzi Aran, cənub və şərq zonasında ağırlıqqaldırma inkişaf etsə də, son illərdə görülən işlər bu coğrafiyanın genişlənməsinə, ölkənin demək olar ki, bütün regionlarını əhatə etməsinə gətirib çıxarıb. 2009–2020-ci illər ərzində mütəmadi keçirilən zona-mərhələ yarışlarının keçirilməsiylə Gəncə, Qazax, Goranboy, Yevlax, Zaqatala, Şamaxı, Qusar, Qobustan və digər yerlər də bu idman növündə öncüllük yarışına girə biliblər. Son bir ildə isə birbaşa federasiya rəhbərliyi tərəfindən “Kəndlər çempion yetişdirəcək” şüarı altında həyata keçirilən layihə öz müsbət effektini verməkdədir. 2022-ci il ərzində bölgələrdə yaradılan 20-yə yaxın yeni ağırlıqqaldırma klubları isə bu işin peşəkar statusunu daha da möhkəmləndirə bilib. Hazırda Azərbaycan ağırlıqqaldırmasında yeni nəslin inkişafı üçün bütün imkanlar yaradılıb və yaxın zamanlarda bunun nəticəsini görmək mümkün olacaq”.
7 medal və Avropa rekordu
Əslində, bu nəticələr artıq var. Ötən ilin avqustunda Polşanın Raşin şəhərində yeniyetmələr arasında Avropa birinciliyində komandamız əla çıxışla yadda qaldı. Turan Əliyev, Qasım İsmayılov və Ravin Alməmmədov toplam 7 medal – 1 qızıl, 3 gümüş, 3 bürünc və bir Avropa rekordu ilə tarixi nəticəyə imza atdılar. Mütəxəssisin bildirdiyinə görə, yeniyetmə idmançıların builki nəticələri daha böyük uğurlar vəd edir.
Bu il yeniyetmələrdən ibarət komanda beynəlxalq arenalarda keçirilən yarışlarda möhtəşəm nailiyyətləri ilə diqqəti cəlb edir. Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında keçirilən dünya birinciliyində Ravin Alməmmədov rekord nəticə qazanıb. Qazaxın “Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi 73 kiloqram çəki dərəcəsində 136 kiloqramla birdən, 167 kiloqramla təkanla qaldırma hərəkətlərində, toplam 303 kiloqram (136+167) nəticə ilə isə yekun sıralamada gümüş medala sahib olub. O, həmçinin təkanla qaldırma 167 kiloqramı ram etməklə türkiyəli Karaca Yaşara aid 163 kiloqramlıq Avropa rekordunu, bu hərəkətin toplamında rumıniyalı Yonut Donoseyə aid 300 kiloqramlıq rekordu da geridə qoyub.
Onlar Olimpi fəth edəcəklər
Bu ilin iyun ayında 15 və 17 yaşadək idmançıların Avropa birinciliyində ağırlıqqaldıranlarımızın əldə etdikləri mükafatlar onların potensialını bir daha sübut edir. Moldovanın paytaxtı Kişineuda 17 yaşlı yeniyetmə oğlanlar arasında Ravin Alməmmədovun (73 kq) çıxış etdiyi bütün hərəkətlərdə qızıl medal qazanması qürurvericidir. Birdən qaldırma hərəkətində və təkanla qaldırma hərəkətlərində qızıl medal qazanan idmançımız toplam 299 kiloqram (137+162) nəticə göstərərək yekun sıralamada da birinci yeri tutub. Komandamızın daha bir üzvü – 15 yaşadək idmançılar arasında mübarizə aparan Hüseyn Heydərov (81 kq) da 3 qızıl medalla idman ictimaiyyətini sevindirib.
Atletimiz də komanda yoldaşı kimi, həm birdən qaldırma, həm də təkanla qaldırma hərəkətləri üzrə fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Toplam 257 kiloqram (118+139) nəticə göstərən H.Heydərov yekun sıralamada da qızıl medal qazanıb. Ümumilikdə, komandamız qitə birinciliyində 8-i qızıl, 4-ü gümüş, 2-si bürünc olmaqla 14 medala sahib olub.
Oktay Muxtarovun sözlərinə görə, yeniyetmə idmançılar arasında gələcəyin olimpiyaçıları yetişir. Məhz onların qazandıqları nailiyyətlər bunu deməyə əsas verir.
Leyla QURBANOVA
XQ