Çempionlar Liqası: “Qalatasaray” da pley-offa adlayanlar arasındadır

post-img

Dünən UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Sevindirici haldır ki, İstanbulun "Qalatasaray"  klubu da adını pley-offa yazdıranlar arasına düşüb.  Belə ki, ilk matçda səfərdə Sloveniya təmsilçisi “Olimpiya”nı 3 cavabsız qolla üstələyən “Qalatasaray” doğma meydanda da rəqibi minimal hesabla məğlub edib-1:0.

Kiprin “Aris” klubu isə Polşanın “Rakuv” klubu ilə qarşılaşmada 0:1 hesabı ilə məğlub olub. Bununla da iki görüşün nəticəsinə əsasən qonaqlar növbəti mərhələyə adlayıblar. 

Gecənin digər maraqlı qarşılamalarından biri  İsraildə qeydə alınıb. Hayfa şəhərinin “Makkabi” klubu Slovakiyanın  “Slovan” komandasını qəbul edib. 3:1 hesabı ilə qələbə qazanan "Makkabi" klubu adını pley-offa yazdırıb.

Norveçdə isə “Molde” klubu “Klaksvik”i  (Farer adaları) sınağa çəkib. Qarşılaşma meydan sahiblərinin  (2:0) xeyrinə başa çatıb. Norveçlilər də növbəti mərhələyə vəsiqəni təmin ediblər.

Çexiya təmsilçisi “Sparta” ilə Danimarkanın “Kopenhagen”  komandasının duelindən (3:4) qonaqlar qalib ayrılıblar. Bununla da “Kopenhagen” klubu adını pley-offa yazdıran tərəf olub.

Daha bir qarşılaşma isə Serbiyada TSC ilə Portuqaliyanın “Braqa” klubu arasında baş tutub. Oyunda açıq-aşkar üstünlüyü hiss olunan portuqaliyalılar 4:1 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə adlayıblar. 

İsveçrədə də meydan sahiblərinin bəxtləri gətirməyib. Belə ki, “Servett”  komandası doğma meydanda Şotlandiyanın Qlazqo şəhərinin “Reyncers” komandasına məğlub olub. Qonaqlar 2:1 hesablı qələbəyə seviniblər. Bununla da “Reyncers” pley-offa adını yazdırıb.

Daha bir maraqlı və qollarla zəngin oyun isə Avstriyada qeydə alınıb. Belə ki, “Şturm” klubu Niderlandın  PSV komandası ilə qarşılaşıb. Niderland təmsilçisi meydan sahiblərini  3:1 hesabı ilə üstələyərək növbəti mərhələyə adlayıb.

Fransa da isə  “Marsel” klubu Yunanıstanın “Panatinaikos” komandasını qəbul edib. Əsas vaxt heç-heçə başa çatdığı üçün qalib 11 metrəlik zərbələrlə (penalti) müəyyənləşib. Penaltilər seriyasında “Panatinaikos”la bacarmayan “Marsel” pley-offdan mərhum olub. Yunanıstan təmsilçisi isə yoluna pley-offda davam edəcək.

Sonda qeyd edək ki, III təsnifat mərhələsində yalnız Xorvatiya “Dinamo” klubu ilk oyununu keçirib. Zaqreblilər doğma meydanda Yunanıstanın AEK klubun  minimal hesabla uduzublar. “Dinamo” ilə AEK arasında cavab matçı avqustun 19-da keçiriləcək.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman