Bakıda böyük futbol axşamı

post-img

Tamaşa məkanları – “Tofiq Bəhramov”, “Neftçi Arena” və “Bank Respublika Arena”

10 avqust 2023-cü il. Bu tarixi yaxşı yadda saxlayaq. Azərbaycan futbolunda qeyri-adi tarixdir. İndiyə qədər paytaxtımızda heç vaxt eyni gündə, üstəlik də, eyni saatlarda Avropa miqyaslı turnirlərdə üç oyun olmamışdı və yəqin ki, bu hal bir daha təkrarlanmayacaq. Görünür, futbolumuzun 112 illik tarixinə belə bir gün də yazılmalıymış…

Fakt artıq bu axşam gerçəkləşəcək. Bizə isə səbrli olub, bütün diqqətimizi unudulmaz hakimimiz Tofiq Bəhramo­vun adını daşıyan Respublika Stadi­onuna, “Neftçi Arena”ya və Masazır qəsəbəsindəki “Bank Respublika Are­na”ya yönəldərək, hər üç komanda­mızı—“Qarabağ”, “Neftçi” və “Sabah”ı yaxından-uzaqdan yorulmadan, ürək­dən dəstəkləmək qalır.

Çempionlar Liqası turnirinin ikinci təsnifat mərhələsində Polşanın “Ra­kuv” klubu ilə mübarizədə “büdrəyən” və hazırda Avropa Liqasının üçüncü raund “döyüşləri” ərəfəsində olan Azər­baycan çempionu və avrokubokların qrup mərhələlərinin daimi iştirakçısı Ağdam komandası indi Finlandiyanın HİK (Helsinki) klubu ilə üz-üzə gələcək.

Polyaklarla rəqabətdə qeydə alın­mış uğursuzluq “Qarabağ”ın sıraların­da çaşqınlıq, ruh düşkünlüyü yarada bilməz. Çempion komandanın hər bir oyunçusu da, məşqçisi də, azarkeşi də yaxşı bilir ki, futbol gözlənilməz nə­ticələrlə zəngin oyundur, heç kim, hətta nəhəng klublar da uğursuzluqdan sı­ğortalanmayıblar.

Deməli, dəfələrlə Azərbaycan çem­pionu və avrokubokların qrup mərhələ­sinin iştirakçısı son 15 ildə onu Avro­paya yaxından tanıtmış baş məşqçi Qurban Qurbanovun rəhbərliyi ilə Fin­landiya təmsilçisini mübarizədən kə­narlaşdırıb, Avroliqada yoluna davam edə bilər. Bu yolda ilk addım bu axşam “Tofiq Bəhramov”da atılacaq. Ümid edək ki, sevinən tərəf biz olacağıq.

“Neftçi Arena”. Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyu­nu. Həm də, qardaş ölkə komandala­rının görüşü. “Neftçi” Bakı—“Beşiktaş” İstanbul. Rumıniyalı yeni baş məşqçi­miz Adrian Mutunun komandası zəngin təcrübəli mütəxəssis Şenol Günəşin futbolçularına qarşı. Gözəl futbol vəd edən oyun. Saat 21-ə təyin edilmiş görüşdə ədaləti başda Lukas Fendrix olmaqla İsveçrə Futbol Federasiyası­nın hakimləri qoruyacaqlar. Onlara da, dost-rəqiblərə də məzmunlu oyun arzu edirik.

Elə buradaca zamanı bir qədər qa­baqlayıb, avqustun 17-də İstanbulda keçiriləcək “Beşiktaş”–“Neftçi” cavab görüşünün avstriyalı Yulian Vaynberge­rin başçılığı ilə qadın hakimlər briqada­sına tapşırıldığını da diqqətə çatdıraq.

Masazırdakı “Bank Respublika Arena”da da bayram əhval-ruhiyyəsi yaşanır. “Konfrans”a Latviyanın kurort şəhəri Yurmalada özü haqqında kifayət qədər mübariz kollektiv təəssüratı ya­ratmış RFŞ komandası üzərində qələ­bə ilə başlayıb, sonra da bu uğuru Ba­kıda təkrar edən “Sabah” bu dəfə daha zəhmli rəqib—“Partizan” qarşısında im­tahan verəcək. Belqrad klubunun təkcə vətəni Serbiyada yox, bütün Avropada yaxşı nüfuz sahibi olduğu isə heç kimə sirr deyil.

Bu komandaların Masazır qarşılaş­masının hakimliyi Georgi Kruaşvilinin başçılığı ilə gürcüstanlı hakimlər briqa­dasına həvalə olunmuşdur. Bu soyad mənə keçmiş SSRİ çempionatlarında dəfələrlə Bakıda “Neftçi”nin oyunların­da gördüyümüz və yaddaşımızda yaxşı bir hakim kimi qalmış tbilisili beynəlxalq dərəcəli hakim Karlo Kruaşvilini xatırla­dır. Bəlkə də, 37 yaşlı Georgi onun oğ­ludur. O da ədalətli hakim kimi tanınır.

Təsəvvür etmək olar, Azərbaycanın bütün futbol pərəstişkarları bu axşa­mı necə böyük həyəcanla gözləyirlər. “Qarabağ”, “Neftçi” və “Sabah”a da elə möhkəm azarkeş fəallığı lazım­dır. Onlar ölkə futbol ictimaiyyətinin böyük dəstəyi ilə öz sözlərini demək, avqustun 17-də Helsinki, İstanbul və Belqradda keçiriləcək cavab oyunları qarşısında ümumi müvəffəqiyyət üçün yaxşı zəmin yaratmaq əzmindədirlər…

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman