Sabah Bakıda şahmat yarışları başlayır

post-img

Sabah Bakıda şahmat dünyasının ən mötəbər yarışlarından biri sayılan Dünya Kuboku başlayır. Yarışın təntənəli açılış mərasimi bu gün Bakı Konqres Mərkəzində keçiriləcək. Bu gün, eyni zamanda, rəsmi şəxslər və şahmatçıların iştirakı ilə mətbuat konfransı təşkil ediləcək.

Qeyd edək ki, Dünya Kubokunun partiyaları paytaxtın “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da start götürəcək.

Dünya Kubokunda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Bütün partiyalar rəsmi saytla yayımlanaraq Azərbaycan və ingilis dilində şərh olunacaq. Dünya Kubokunun partiyalarını Azərbaycan dilində əməkdar məşqçi  Anar Allahverdiyev, ingilis dilində isə dünya çempionu Vişvanatan Anand, İndoneziya şahmatçısı İrene Sukandar, hindistanlı beynəlxalq usta Saqar Şah tərəfindən təqdim ediləcək. 

Bakıdakı Dünya Kubokuna dünya mediası tərəfindən böyük maraq var. Dünya Kubokunu işıqlandırmaq üçün ölkəmizlə yanaşı Böyük Britaniya, Rusiya, İran, İspaniya, Niderland, Hindistan, Banqladeş, Botsvana, Zambiyadan olan 100-dən çox jurnalist və texniki əməkdaşlar qeydiyyatdan keçib.

 

Elçin ABBASOV,

"Xalq qəzeti"

İdman