“Əziz Şuşa”nın növbəti qalibi müəyyənləşib

post-img

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.

Turnirin dördüncü mərhələsində velosipedçilər Gəncədən mübarizəyə başlayıblar. 12 komandanın 74 idman­çısı Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km məsafə qət ediblər. 

Yekun nəticəyə görə, birinci yeri İtaliyanın “Team Technipes İnemilia­romagna” komandasının velosipedçisi Alessandro Monaco tutub. İkinci yerdə İtaliyanın digər velosipedçisi Emanuele Ansaloni, üçüncü pillədə idə Qazaxıs­tan komandasının üzvü Rudolf Remkhi qərarlaşıblar. 

Yarışda üç mərhələnin lideri sarı və iki yaşıl köynəyin sahibi italiyalı Ema­nuele Ansaloni olub. Ən yaxşı dağ ve­losipedçisi Azərbaycan komandasının üzvü Samir Cəbrayılov, ən yaxşı gənc idmançı isə Qazaxıstan komandasının üzvü Rudolf Remkhi seçiliblər.

Yarış bitdikdən sonra qaliblərin mü­kafatlandırma mərasimi keçirilib.

Qeyd edək ki, idmançılar iyunun 11-də Beyləqan–Şuşa marşrutu üzrə 134,9 kilometr məsafəni qət edəcəklər.

L.QURBANOVA, “Xalq qəzeti”

İdman