Qazaxıstanlı fotomüxbir: Azərbaycan güclü və qüdrətli ölkədir

post-img

Artıq Bakıda keçirilən taekvondo üzrə sayca 26-cı dünya çempionatının dördüncü günündəyik. Düzünü deyim, Kristal Zalda da möhtəşəm yarış atmosferi var. Dünya Taekvondo Federasiyasının 50 illik, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə eyni vaxta təsadüf edən çempionatı izləmək üçün həm yerli, həm də əcnəbi komandaların hər birinin öz azarkeşləri var. Bu dünya çempionatını izləmək və idmançıların uğurla yerinə yetirdiyi fəndləri öz fotoaparatı ilə yaddaşlara həkk etmək üçün Qazaxıstandan Azərbaycana gələn qonaqlardan biri də fotomüxbir Şamken Bayırbekdir. Şamkenlə Kristal Zalda jurnalistlər üçün ayrılmış mediazonada tanış olduq. 

Şamkenin dəfələrlə Azərbaycan və Türkiyə taekvondoçularının qələbəsinə sevinib, məğlubiyyətinə üzülməsinin şahidi olmuşam. Türkləri çox sevdiyini və fürsət düşən kimi Azərbaycana gələcəyini deyir. 

Bu gün 25 yaşlı gənc fotomüxbirin taekvondo üzrə dünya çempionatı ilə bağlı fikirlərini öyrəndim. O, nahar fasiləsi zamanı qəzetimizin suallarını cavablandırdı.

– Şamken, artıq 4 gündür ki, yarışları birgə izləyirik. Təəssüratların necədir?

– Yarışlar çox gözəl keçir. Azərbaycan həqiqətən çox güclü və qüdrətli ölkədir. Belə bir möhtəşəm arenaya gələcəyimizi və yüksək səviyyədə yarışların keçəcəyini gözləmirdim. Bunu ona görə deyirəm ki, dünyanın inkişaf etmiş ölkələrindəki ən yüksək səviyyədə idman infrastrukturu burada da yaradılıb. Tribunaların seyrçilərlə dolu olması isə sizin ölkədə idmana olan isti münasibətin göstəricisidir. Buraya gəlməzdən öncə məndə belə təəssürat var idi ki, Azərbaycan daha çox idmanın güləş növündə region ölkələri arasında öndədir. Mən sizin güləşçilərdən Hacı Əliyevi, Taleh Məmmədovu yaxşı tanıyıram. Hətta Taleh Məmmədovun erməni rəqibini necə döşəkdən kənara atmasının şahidi olmuşam. Bunlar mənim üçün tarixi anlar olub. Ancaq burada şahid olduğum mənzərədən və taekvondoçuların çətin rəqiblərlə gərgin mübarizəsindən sonra əmin oldum ki, Azərbaycan əsl idman ölkəsidir. Burada taekvondo idman növü də kifayət qədər inkişaf edib. Sadəcə, bu günədək baş tutan qarşılaşmalarda idmançıların rəqibləri çox güclü idilər. Bu da təbiidir. Çünki dünyanın 140-dan çox ölkəsindən minədək idmançı burada mübarizə aparır. Belə olan halda bir neçə məğlubiyyətin və yaxud da bəzi idmançıların mübarizəni erkən dayandırmasına şahidlik etməyimiz normal haldır. Ancaq ümid edirəm ki, qarşıdakı günlərdə, elə bu gün də ola bilər ki, Azərbaycan idmançıları yüksək nailiyyət göstərsinlər.

– Şamken, deyirlər ki, idman jurnalisti hisslərini büruzə verməməlidir. Ancaq hərdən bu alınmır. Dünən Əliəskərin məğlubiyyətini çox təəssüf hissi ilə qarşıladıq. Üzüntünü açıq şəkildə gördüm. Səni ən çox hansı məqam incitdi və hansı məqamda sevindin?

– Azərbaycan, Türkiyə, Qazaxıstan və digər türk ölkələrinin idmançıları yarışda iştirak edirlər. Onların hər biri mənim üçün doğma və əzizdir. Mən təkcə Əliəskər uduzanda məyus olmadım. Yarışların ikinci günü Türkiyə millisinin gənc idmançısı Ömərin məğlub olduğu döyüşdə də eyni hissləri keçirdim. Çox üzüldüm. Çünki qardaşlarımız uduzmuşdu. Ən çox sevindiyim an isə dünən axşam Türkiyə qadın taekvondoçusu Merve Dincelin qızıl medal qazanması anı oldu. Elə bildim ki, Qazaxıstan millisinin üzvü Cansel Dəniz qazanıb o qızıl medalı.

– Azərbaycan və Bakı haqqında fikirlərini də eşitmək istərdik.

– Onu demək istəyirəm ki, ilk fürsətdə Bakıya bir daha səfər edəcəm. Yarışlardan sonra axşam saatlarında İçərişəhərdə, Qız Qalası ətrafında və Bakının bir sıra gəzməli və görməli yerlərində olmuşam. Şəhərinizin geniş və işıqlı küçələri var. İnsanlar da çox mehriban və qonaqpərvərdirlər. Bakılılar qazax, yəni türk olduğumuzu biləndə və eyni dildə danışdığımızı görəndə buna xüsusi həssaslıqla yanaşırlar. Bütün bunlar isə bizi çox sevindirir. Bir də sonda onu demək istəyirəm ki, burada özümə yeni dostlar tapdığıma görə çox şadam.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman