Bu gün Kristal Zalda taekvondo üzrə 26-cı dünya çempionatının üçüncü gününün görüşləri keçiriləcək. Bugünkü görüşlər 87, 80 və 49 kq çəki dərəcələrində keçiriləcək və Azərbaycanın 3 taekvondoçusu dayanq üzərinə çıxacaq.
Kişilərin yarışında Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), qadınlar arasında isə Patimat Abakarova (49 kq) güclərini sınayacaqlar.
Qeyd edək ki, Dünya Taekvondo Federasiyasının 50 illik, ümummilli lider Heydər Əliyevin 100 illik yubiley mərasimi ilə eyni vaxta təsadüf edən çempionatda 80 kq çəki dərəcəsində dayanq üzərinə çıxacaq Əliəskər Əliyev on altıda bir final mərhələsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibi ilə qarşılaşacaq. 87 kq çəkidə həmyerlimiz Taleh Süleymanov mübarizə apatacaq. O, döyüşə on altıda bir finaldan qoşulacaq. İlk görüşdə onun rəqibi Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) cütünün qalibi olacaq.
49 kq çəkidə yarışacaq qadın taekvondoçumuz Patimat Abakarova da ilk mərhələdən azaddır. O da on altıda bir finalda Yaponiya taekvonduçusu Çina Murakami və Finlandiya idmançısı Jenna Ylonen cütünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, yarışın birinci və ikinci günlərində milli komandanın üç üzvü –Cavad Ağayev (68 kq), Qaşım Maqomedov (58 kq) və Fəridə Əzizova (67 kq) çempionatda mübarizəni erkən dayandırıblar.
Elçin ABBASOV,
"Xalq qəzeti"