“Roma” “Sevilya” ilə mübarizə aparacaq

post-img

Dünən UEFA Avropa Liqasında finalçılar bəlli olub. Belə ki, ilk matçda doğma meydanda “Sevilya” ilə 1:1 hesablı heç-heçə ilə kifayətlənən “Yuventus” klubu İspaniyada keçirilən görüşün əsas vaxtında eyni hesablı nəticəni təkrarlayıb. 

Bundan sonra finalçı matça əlavə edilmiş vaxtda aydın olub. Erik Lamelanın qolu ilə hesabda 2:1 önə keçən “Sevilya” turnirin finalına yüksəlib.

Ramon Sançes Pisxuan stadionunda keçirilən matçı niderlandlı referi Denni Makkeli idarə edib.

Yarımfinalın digər cavab matçında İtaliyanın “Roma” klubu Almaniyanın Leverkuzen şəhərinin “Bayer” komandasını sınağa çəkib. “Bay Arena”da  keçirilən oyunu sloveniyalı FİFA referisu Slavko Vinçiç idarə edib.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş “Roma”nın 1:0 hesablı qələbəsi ilə başa çatsa da, cavab matçı qolsuz heç-heçə ilə yekunlaşıb. Bununla da “Roma” klubu turnirin finalına yüksəlib.

Beləliklə, azarkeşlər finalda “Roma”-“Sevilya” mübarizəsinə şahidlik edəcəklər.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman