“Bakı”klubunun sabiq hüsumçusu həbs edilib

post-img

Bir vaxtlar “Bakı” futbol klubunun üzvü olmuş Serxio Kontreras Pardo hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. “RMC Sports” yazır ki,  İspaniya məhkəməsi tərəfindən Pardonun 6 il müddətinə həbsinə dair qərar çıxarılıb.

Qeyd edilir ki, Koke ləqəbi ilə tanınan 40 yaşlı sabiq hücumçu Avropada narkotik maddələrin alış-satışı və yayımı ilə məşğul olan cinayətkar dəstənin üzvü olduğunu etiraf edib. İttihamçı sabiq hücumçuya 16 illik həbs tələb etsə də, Malaqa məhkəməsi müddətin 6 illik olduğunu bəyan edib. Kontrerasla yanaşı, cinayətkar dəstənin daha on yeddi üzvü həbs olunub.

Onu da əlavə edək ki, Koke İspaniyanın Estepona şəhərində polis reydi zamanı saxlanılıb. Onlardan 1 tona yaxın, dəyəri təxminən 700 min avro olan həşiş aşkarlanıb. Narkotiklərin satışına Kokenin rəhbərlik etdiyi vurğulanıb.

Xatırladaq ki, Serxio Kontreras Pardo 2019-cu ildə narkotik ticarətində iştirak etdiyinə görə həbs olunub. 8 ay həbsdə qaldıqdan sonra 2021-ci ilin iyulunda 15 min avro girov ödədikdən sonra şərti azadlığa buraxılıb. Lakin cari ilin mart ayında hüquq-mühafizə orqanları yenidən saxlanılıb.
Qeyd edək ki, 2012-ci ildə “Bakı”da çıxış etmiş Koke dörd il sonra karyerasını başa vurub. O, Fransada “Marsel”, İspaniyada “Malaqa” kimi klubların formasını geyinib.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman