"Sumqayıt" və "Sabah" qələbəyə seviniblər

post-img

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start verilib. Turun ilk oyun günündə iki qarşılaşma keçirilib.

Belə ki, bu gün saat  16:00-da start götürən "Kəpəz" - "Sumqayıt" oyununda qonaqlar minimal hesabla qalib gəliblər-0:1. Oyunda yeganə qolu 64-cü dəqiqədə "Sumqayıt"ın futbolçusu Vüsal İsgəndərli vurub.  Bu oyundan sonra "Kəpəz" 29 xalla turnir cədvəlində yeddinci yerdədir. "Sumqayıt" isə 28 xalla səkkizincidir.

18:30-da başlayan günün ikinci qarşılaşmasında "Sabah" - "Şamaxı"nı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hisəsi meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Belə ki, 7-ci dəqiqədə Aleksey Kaşuk komandasını hesabda irəli çıxarıb. Matçın ikinci hissəsində də hesab dəyişməyib. Beləliklə, görüş "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra "Sabah" klubu aktivindəki xalların sayını 74-ə çatdırıb və ikinci pillədəki mövqeyini bir qədər də möhkəmləndirib. "Şamaxı" isə 23 xalla doqquzuncu sıradadır.

Qeyd edək ki, turun "Zirə" - "Turan Tovuz" və "Qəbələ" - "Səbail" oyunları mayın 1-də, "Neftçi" - "Qarabağ" görüşü isə mayın 2-də keçiriləcək.

A. Elçin,
"Xalq qəzeti"

İdman