Türk atletlər Bakıda Formula 1 yarışlarını izləyiblər

post-img

Birlikdə böyük qələbələr qazanacağımıza inanırıq

 

 

İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatında mükafat qazanan və qələbələrini Azərbaycana həsr edən türk idmançılar Bakıdadırlar. Qəhrəman idmançıların Azərbaycanın, həm də Türkiyənin əzəli düşməni olan Ermənistanda keçirilən qitə çempionatında böyük qələbə əldə edərək Türk Bayrağını yüksəklərə qaldırmaları ölkəmizdə böyük sevinclə qarşılanmışdı. Bu qələbəni Azərbaycana, xalqımıza həsr etmələri isə bizdə xüsusilə qürur hissi yaratmışdı. 

Azərbaycan Prezidenti İlham Əliyev bu hadisənin Türk dünyası tarixində əbədi qalacağını qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, hər birimiz - Türk dünyasının hər bir övladı, Cansu və Qəmzə kimi olmalıdır. 

Türkiyəli ağırlıqqaldıranların səfər zamanı paytaxtda bir sıra görüşlərdə və tədbirlərdə iştirakları nəzərdə tutulub. Onlar Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisini izləyiblər.

“Xalq qəzeti” olaraq qəhrəman idmançıların Avropa çempionatı kimi nüfuzlu bir yarışda əldə etdikləri uğur, eyni zamanda paytaxt Bakı ilə bağlı təəssüratlarını öyrəndik. 

Avropa çempionu Cansu Bektaş Azərbaycana ilk dəfə gəldiyini və ilk andan da özünü burada çox yaxşı hiss etdiyini bildirir: “Bizim hava limanında qarşıladılar, böyük diqqət gördük. Çox sağ olsunlar. Bura Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın dəvəti ilə gəlmişik. Buna görə onlara xüsusi təşəkkürümü bildirirəm. Azərbaycanla biz qardaş ölkələrik. Siz olmayan yerdə biz varıq. İrəvandakı yarışdan öncə açılış mərasimində baş verən hadisə bizi üzdü. Həmin an idmançı Nazilə İsmayılova və məşqçi Emil Əliyevlə görüşüb onlara qızıl medal qazanacağıma söz verdim. Çox sevinirəm ki, sözümün üstündə durdum və qələbəmi Azərbaycan həsr etdim. Buna görə özümü xoşbəxt hiss edirəm. Bir daha Azərbaycan xalqına dəstəyinə görə təşəkkür edir, onları sevdiyimi bildirirəm”. 

İdmançı Formula 1 yarışını Bakıda izləməkdən məmnun olduğunu bildirdi: “Formula 1 çox mötəbər yarışdır, onu Bakıda izləmək çox xoş oldu”.

Yarışda qızıl medal qazanmış Nuray Güngör Azərbaycana ayaq basdıqları andan böyük diqqət gördüklərini, çox yaxşı qarşılandıqlarını vurğuladı: “Özümüzü evimizdəki kimi hiss edirik. Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevaya dəvətə görə təşəkkür edirəm. Çox sağ olsunlar. Ermənistanda uğurlar qazandıq və bunu tək Türkiyə yox, qardaş ölkə Azərbaycan üçün də etdiyimizə görə xoşbəxtəm”.

Gümüş mükafatçı Qamze Altun da ilk dəfə qədəm basdığı ölkəmizi çox bəyəndiyini bildirdi: “Burada bizi özününkü kimi qəbul etdilər, ən yaxşı münasibəti göstərdilər. Buna görə hər kəsə təşəkkür edirəm. İrəvanda həm Azərbaycan, həm də Türkiyəni layiqincə təmsil etdik. Buna görə, həmçinin medalımı Azərbaycana həsr etdiyimə görə çox şadam. Bundan sonra da birlikdə böyük qələbələr qazanacağımıza inanırıq”.

Qeyd edək ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb. Bu hadisə ilə əlaqədar olaraq ağırlıqqaldırma millimiz yarışda iştirakından imtina edib və onların İrəvandan Azərbaycana qayıtması barədə qərar verilib.

Qardaş ölkənin təmsilçiləri yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırmış, İstiqlal Marşını səsləndirmişlər. 

Leyla QURBANOVA, 

“Xalq qəzeti”

 

 

İdman