Növbəti görüş maraqla gözlənilir

post-img

Qazaxıstanın paytaxtı Astanada keçirilən Şahmat Tacı uğrunda turnir davam edir. "Chess.com" portalının məlumatına görə, turnirdə dördüncü görüş artıq geridə qalıb. 

İkinci görüşdə qələbə qazanan, üçüncü qarçılaşmada isə heç-heçəyə razılaşan rusiyalı qrossmeyster 4-cü partiyada gözlənilmədən məğlub olub.

Belə ki, mittelşpildə rusiyalı qrossmeysterin yol verdiyi kobud səhvdən yararlanmağı bacaran Dinq Liren təşəbbüsü ələ alıb. Bundan sonra 47-ci gedişdə məğlubiyyətin qaçılmaz olduğunu anlayan Yan Nepomnyaşi ağ bayraq qaldırıb.

Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran çinli qrossmeyter Dinq Liren rusiyalı şahmatçı ilə hesabı bərabərləşdirməsini böyük sevinc hissi ilə ifadə edib: "28-ci gedişdə Nepomnyaşinin yol verdiyi kobud səhvdən yararlanmağa borclu idim. Hesabı bərabərləşdirdiyimə inana bilmirəm". 

Rusiyalı qrossmeyster isə vəziyyəti doğru dəyərləndirə bilmədiyinə görə səhvə yol verdiyini etiraf edib. O, həmin andan sonra oyuna nəzarət itirdiyini deyib.

Bununla da, görüşdən sonra sonra seriyada hesab  2:2 olub.

Sonda qeyd edək ki, dörd görüşdən sonra dünən  qrossmeysterlər istirahət ediblər. Növbəti görüş isə maraqla gözlənilir.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman