Azərbaycan badmintonunda ilk

post-img

Böyük idmanda qazanılan uğurların təməlində uşaq idmanında əldə edilən nailiyyətlər dayanır. Bu baxımdan badmintonun inkişaf perspektivlərini xüsusi qeyd etmək lazımdır. Elə bugünlərdə də müxtəlif yaş qruplarında badmintonçularımız daha bir uğurla gündəmə gəliblər. Belə ki, komandamız İsrailin Rişon-le-Sion şəhərində keçirilən beynəlxalq “PACK LINE Israel Youth 2023” turnirində 5 medala sahib olub. 

Turnirdə ən yüksək nəticə Leyla Camalzadəyə məxsusdur. İstedadlı badmintonçu 15 yaşa­dək idmançıların şəxsi, qoşa və qarışıq qoşa yarışlarında rəqib ta­nımayaraq mütləq çempion olub. O, bununla Azərbaycan badminton tarixində ilkə imza atıb. Leyla ötən il Serbiyada keçirilən beynəlxalq “Youth International” turnirində də fəxri kürsüdə yer alıb. Badminton­çu şəxsi yarışda qrup mərhələ­sində keçirdiyi bütün görüşləri qələbə ilə başa vurduqdan sonra pley-offda da fərqlənib. Yarımfinal və final qarşılaşmalarını qalib başa vuran L.Camalzadə qızların şəxsi kateqoriyasında ən güclü idmançı adına layiq görülüb. Leyla Camal­zadə və onun komanda yoldaşı Qəndab Niftəlizadə 15 yaşadək qız badmintonçuların qoşa yarışında da uğurla təmsil olunublar. Belə ki, dairəvi sistem üzrə keçirilən bu ka­teqoriyada mütləq nəticə göstərib, qrupda birinci yeri tutublar. 

Azərbaycan təmsilçiləri 15 ya­şadək badmintonçuların qarışıq qoşa yarışlarında da yüksək nəticə göstəriblər. Əli Gözəlov–Leyla Ca­malzadə tandemi ardıcıl qələbələr sayəsində fəxri kürsünün ilk pillə­sinə qalxıblar. 

Komandamızın aktivinə daha bir qızıl medalı 13 yaşadək qız badmintonçuların şəxsi turnirində Qəndab Niftəlizadə əlavə edib. Bu yaş qrupunda qarışıq qoşa yarışın­da isə Fərəc Kərimli və Qəndab Niftəlizadə ikinci yeri tutublar. 

Qeyd edək ki, yığma komanda­mız turnir ərəfəsində İsrailin Aşdod şəhərində məşqçi Yevgen Poçtar­yovun rəhbəriyi altında təlim-məşq toplanışında iştirak edərək hazırlı­ğını artırıb.

Azərbaycanda uşaq və yeni­yetmələr arasında badmintonun inkişafını diqqətdə saxlayan Azər­baycan Badminton Federasiyası bu idman növündə dünyanın apa­rıcı ölkələrin inkişaf modelindən bundan sonra da yararlanmaq və həmin ölkələrin idmançıları ilə bir­gə təlim-məşq toplanışları təşkil etmək niyyətindədir.

 

L.QURBANOVA, “Xalq qəzeti”

İdman