Mahir Emrelinin müqaviləsi uzadıla bilər

post-img

Qarşıdakı altı ay ərzində həmyerlimiz Mahir Emreli Türkiyənin “Konyaspor” futbol klubunun formasını geyəcək. Belə ki, qış transfer dönəmində futbol üzrə Azərbaycan millisinin hücumçusu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan  Super Liqa klubuna keçib. Müqavilənin şərtlərinə əsasən, o, müvsümün sonunadək “Konyasporda” icarə əsasında çıxış edəcək. Lakin tərəflər müqavilə müddətini uzada da bilərlər. 

Xatırladaq ki, Mahir Emreli ötən il  Xorvatiya klubuna transfer olunmuşdu. “Dinamo”  klubu ilə həmyerlimiz arasında 4,5 illik sözləşmə mövcuddur. O, Zaqreb klubunda 11 nömrəli forma ilə çıxış edib. Mahir “Dinamo” klubunda ilk qolunu ötən il Xorvatiya çempionatının 30-cu turunda vurub. Həmin vaxt “Dinamo” komandası səfərdə “Riyeka”nın qonağı olub. Matç  “Dinamo”nun  2:1 hesablı qələbəsi ilə başa çatıb 

 Qeyd edək ki, Mahir Emreli Zaqreb “Dinamo”una Polşanın “Legiya” klubundan keçib. “Legiya”ya isə 2021-ci ilin iyulunda “Qarabağ”dan transfer olunub. O, Varşava təmsilçisinin heyətində, ümumilikdə, 33 rəsmi oyuna çıxıb və 11 qol vurub.

Qeyd edək ki, Mahir Emreli indiyədək 4 dəfə Azərbaycan Premyer Liqasının və 1 dəfə Azərbaycan Kubokunun qalibi olub.

A.Elçin,

“Xalq qəzeti”

İdman