Sabunçu rayonu Nardaran qəsəbəsində bağ evlərindən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub. Məlumatı DİN mətbuat xidməti verib.
İki evdən 150 min manat dəyərində qızıl, kameranın yaddaş qurğusu, noutbuk və digər dəyərli əşyaların oğurlanması üzrə daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsi müəyyən ediblər. Cinayəti törədən əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı Seymur Talıbov saxlanılıb. O, ifadəsində qeyd edilən əməli törətdiyini və qızıl-zinət əşyalarını hissələrə ayıraraq satmağı planlaşdırdığını etiraf edib.
Polis əməkdaşları tərəfindən S.Talıbovun oğurladığı əşyaların bir hissəsi gizlədilən yerdən maddi sübut kimi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, S.Talıbovun digər analoji cinayətlərdə iştirakının olub-olmamasını müəyyən etmək istiqamətində araşdırmalar davam etdirilir.
P.ƏMİRCANOV
XQ