Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 oktyabr tarixli 1465 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.
2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzeti redaksiyasının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir;
3.2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir.
4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.
5. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın icrasına nəzarəti təmin etsin.
6. Bu Fərmanın 1-ci və 2-ci hissələri ilə yaradılan məhdud məsuliyyətli cəmiyyətlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi”, “Respublika” qəzetlərinin və “Xalq qəzeti”nin redaksiyaları fəaliyyətlərini davam etdirsinlər.
7. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 oktyabr tarixli 1465 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1109 (Cild I); 2024, № 6 (I kitab), maddə 648, № 12 (II kitab), maddə 1372; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 iyun tarixli 428 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. aşağıdakı məzmunda 4-3-cü və 4-4-cü hissələr əlavə edilsin:
“4-3. “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti
4-4. “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti”;
7.2. 6–8-ci hissələr ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyul 2025-ci il