Milli Kitabxanada görkəmli ictimai-siyasi xadim, peşəkar diplomat, bacarıqlı elm və təhsil təşkilatçısı, dünya miqyaslı alim, fizika-riyaziyyat elmləri doktoru Hafiz Paşayevin 85 illik yubileyinə həsr olunmuş “Professor Hafiz Paşayev” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə alimin əsərləri, fizika elmləri üzrə təqdidatları, elmi işləri, tərtib etdiyi, ön söz yazdığı ədəbiyyatlar, həyatı, diplomatik-siyasi və elmi-pedaqoji fəaliyyəti haqqında kitablar, dövri mətbuat materialları, fotolar nümayiş olunur.
Virtual sərgi ilə https://anl.az/el/vsb/Professor_Hafiz_Pasayev/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.
Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il 2 may tarixində Bakı şəhərində, görkəmli yazıçı Mir Cəlal Paşayevin ailəsində anadan olub.
1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmib, 1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Moskva şəhərində yerləşən Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını başa vurub, elmi fəaliyyətini 1971–1992-ci illərdə AMEA Fizika İnstitutunda elmi işçi və laboratoriya müdiri kimi davam etdirib. 1975–1976-cı illərdə ABŞ-ın Kaliforniya Universitetinin (İrvin kampusu) tədqiqat qrupunda çalışıb, 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək fizika–riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.
1992–2006-cı illərdə Hafiz Paşayev Azərbaycan Respublikasının ABŞ-dakı Fövqəladə və Səlahiyyətli Səfiri (eyni zamanda Meksika və Kanada üzrə səfirlik məsuliyyəti) vəzifəsində çalışıb. 14 avqust 2006-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə o, Xarici İşlər Nazirinin müavini və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin olunub. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Diplomatik Akademiyanın və İnformasiya Texnologiyaları Universitetinin bazasında yaradılan ADA Universitetinin rektoru vəzifəsinə təyin olunub, universitetin beynəlxalq akademik standartlara uyğun fəaliyyət göstərməsində və ölkənin təhsil sahəsində nüfuzunun yüksəlməsində əsas rol oynayıb.
Elmi və elmi-pedaqoji fəaliyyəti nəticəsində professor Hafiz Paşayev 100- dən artıq elmi əsərin, iki monoqrafiyanın müəllifidir; həmçinin ictimai-siyasi və elmi mövzularda yerli və xarici mətbuatda onlarla məqaləsi nəşr olunub, bir neçə dildə çap edilmiş “Bir səfirin manifesti” adlı kitabın müəllifidir.
Professor Hafiz Paşayevin rəhbərliyi ilə həyata keçirilən iri elmi-mədəni layihələr arasında “Azərbaycan” qəzetinin (1918 və sonrakı illər) arxiv materiallarının transliterasiyası və şərhlərlə yeni nəşri xüsusi yer tutur.
Görkəmli xeyriyyəçi alimin rəhbərliyi ilə həyata keçirilən digər mühüm layihə isə Tarixi Qazax Müəllimlər Seminariyasının (Qazax şəhəri) binasının ADA Universiteti tərəfindən əsaslı şəkildə bərpa olunmasıdır. Bərpa nəticəsində binada təhsil və mədəniyyət mərkəzi yaradılmış, seminariyanın milli maarifçilik tarixindəki missiyasını yenidən canlandırmaq məqsədi reallaşdırılmışdır. Bu fəaliyyət ADA Universitetinin “Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində həyata keçirilib.
Əmək və xidmət fəaliyyətinə görə professor Hafiz Paşayev müxtəlif yüksək dövlət və xarici təltiflərlə mükafatlandırılıb: 2 may 2011-ci ildə “Şöhrət” ordeni, 2 may 2016-cı ildə “Şərəf” ordeni, 9 iyul 2019-cu ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və 29 aprel 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Həmçinin, Macarıstan Respublikasının ali təltifi — “Macarıstanın Xidmətlərinə görə Komandor Xaçı” ordeni ilə mükafatlandırılıb.

