Hədəf Steam liseyinin şagirdləri MEK-ə ekskursiya ediblər

post-img

AMEA-nın  Mərkəzi Elmi Kitabxanasında (MEK) ənənəvi “Açıq qapı” günləri keçirilib.

Bu günlərdə kitabxananı ziyarət edənlərin sırasında Hədəf Steam liseyinin şagirdləri də olub. 

XQ xəbər verir ki, ekskursiyanın məqsədi Hədəf Steam liseyində keçirilən “Ayın kitabı” layihəsi çərçivəsində I yarımil üzrə aktiv balabilgələrin elm, informasiya resursları və kitabxana ənənələri barədə məlumatlandırılması, onların araşdırma bacarıqlarının inkişafına dəstək göstərmək və kitabxananın fəaliyyətini daha yaxından tanıtmaq olub.

Öncə ziyarətçilərə kitabxananın fəaliyyəti, zəngin kitab fondu, nadir nəşrlər toplusu, elektron resurslar, rəqəmsallaşdırma prosesi və müasir kitabxana-informasiya xidmətləri barədə geniş məlumat verilib. 

Qonaqlar kitabxana ilə tanışlığa Sərgi salonundan başlayıblar. Şagirdlər  Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya həsr olunmuş guşələr və digər sərgilərlə tanış olublar, həmçinin salonda nümayiş etdirilən AMEA əməkdaşlarının müəllifi olduğu təsviri sənət nümunələrinə baxıblar. MEK könüllülərinin “Şəhərsalma və Memarlıq İli”nə töhfə olaraq hazırladığı MEK-in binasının maketi balabilgələr tərəfindən maraqla qarşılanıb.

Daha sonra şagirdlər AMEA-nın 15 təsisçisinin büstlərini ziyarət edib, onların Azərbaycan elminə verdiyi töhfələr haqqında məlumat alıblar. 44 günlük Vətən müharibəsindən sonra MEK-də fəaliyyətə başlayan Qarabağ müharibəsi qəhrəmanları fondu, Nadir kitablar fondu, o cümlədən Akademiklər elektron zalı, Diplomatik fondu ilə tanışlıq olub. 

Sonda ekskursiya iştirakçıları MEK-də elmi araşdırmalar üçün yaradılan geniş imkanlarla tanış olaraq kitabxana rəhbərliyinə və əməkdaşlarına göstərilən qonaqpərvərlik üçün təşəkkür ediblər.

















Elm