AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi 2025-ci ildəki fəaliyyətinə dair hesabat verib

post-img

AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında Biologiya və Tibb Elmləri Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İradə Hüseynova bölmənin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib.

Akademik İradə Hüseynova bildirib ki, hesabat ilində ölkə başçısının Fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları və tədbirlər planlarının, o cümlədən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər”, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” və s., “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Ümumi yığıncağı və Rəyasət Heyətinin qərarları ilə verilmiş tapşırıqların və AMEA rəhbərliyinin sərəncamlarının icrasına yönəldilmiş, dövlət proqramlarının və milli strategiyaların bəndləri üzrə bölmə və onun üzvləri tərəfindən görülmüş işlər haqda məlumatlar aidiyyəti üzrə təqdim edilib. Bundan əlavə, Azərbaycanın sosial-iqtisadi inkişafına dair 2030-cu ilə qədər reallaşdırılması planlaşdırılan beş milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib və həmin prioritetə uyğun fəaliyyətlər icra olunub.

Həmçinin il ərzində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində, AR Elm və Təhsil Nazirliyinin, AR Səhiyyə Nazirliyinin, AR Kənd Təsərrüfatı Nazirliyinin, digər dövlət orqanlarının tabeliyində fəaliyyət göstərən elm müəssisələrində, ali təhsil ocaqlarının müvafiq kafedralarında yerinə yetirilən tədqiqatların əlaqələndirilməsi həyata keçirilib.

Akademik İradə Hüseynova qeyd edib ki, ötən il BTEB tərəfindən tədqiqatlar müəyyən edilmiş 4 istiqamətdə - biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması, kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya, kənd təsərrüfatı və təbabətdə tətbiqi və patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətində aparılıb.

Akademik İradə Hüseynova hesabat ilində Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə, akademik Mustafa Topçubaşovun, AMEA-nın fəxri üzvü, professor İhsan Doğramacının yubileylərinə, eləcə də “Konstitusiya və Suverenlik İli”nə, AMEA-nın 80 illik yubileyinə, Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunmuş “Tarix yaradan şəxsiyyət”, “Böyük Ana-Alim-Qadın”, “Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması”, “STEM sahəsində karyera imkanlarının üzə çıxarılması: elmdə qadının səsi”, “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar”, “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda konfransların, “Bilik yarışı” müsabiqəsinin, “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” və s. kitabların təqdimat mərasimlərinin keçirildiyini söyləyib.

O, həmçinin hesabat dövründə akademik Zərifə xanım Əliyevanın müəllifi olduğu “Oftalmologiyanın aktual problemləri” əsərinin ilk dəfə ingilis dilində nəfis şəkildə nəşr edildiyini, o cümlədən bölmə üzvləri tərəfindən “Klinik onkologiya. Həkimlər üçün əsas rəhbərlik”, “Onkoloji Ginekologiya”, “Naxçıvan Muxtar Respublikasının təbiəti (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər)”, “Hərbi Psixologiya və Hərbi Klinik Psixologiya”, “AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi: inkişaf tarixi və uğurları”, “Akademik Mustafa Topçubaşovun biblioqrafiyası” və digər nəşrlərin işıq üzü gördüyünü deyib.

Akademik İradə Hüseynova ötən il bölmənin və onun müəyyən etdiyi istiqamətlər üzrə fəaliyyət göstərən tədqiqat müəssisələrinin elmi fəaliyyətinin əsas istiqamətləri sırasında Qarabağa “Elmin Böyük Qayıdışı”nın əhəmiyyətli yer tutduğunu deyib. BTEB və onun üzvləri İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun, eləcə də digər müvafiq işçi qruplarının işində, fəaliyyət proqramlarının icrasında, region üzrə monitorinqlərin aparılmasında fəal şəkildə iştirak ediblər. 2025-ci il ərzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, Ekoloji məsələlər üzrə İşçi Qrupunun müfəssəl sahəvi planının (2021-2025-ci illər üzrə), “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında” Tədbirlər planının müvafiq bəndlərinin icrası diqqət mərkəzində olub. Belə ki, işğaldan azad edilmiş ərazilərə BTEB-in əhatə etdiyi institutlar tərəfindən çoxsaylı ekspedisiyalar həyata keçirilib, nadir və itmək təhlükəsində olan bitki və heyvan növlərinin, torpaq və su ehtiyatlarının, içməli su mənbələrinin, meşə və digər ekosistemlərin monitorinqləri aparılıb.

Akademik İradə Hüseynova bildirib ki, bölmənin əhatə etdiyi institutlarda hesabat ilində 20 problem, 65 mövzu, 160 iş, 431 mərhələ üzrə tədqiqatlar aparılıb, 48 mövzu, 120 iş və 335 mərhələ tamamlanıb. Tibb müəssisələrində 26 problem, 141 mövzu (36-sı tamamlanıb) və 294 işi (72-si tamamlanıb) əhatə edən 361 (146-sı tamamlanıb) mərhələ üzrə tədqiqatlar həyata keçirilib. KTN üzrə isə isə 26 problem, 108 mövzu (31-i tamamlanıb) və 244 işi (66) əhatə edən 370 (234) mərhələ üzrə tədqiqatlar aparılıb. 2025-ci ildə biologiya, tibb, aqrar və ekologiya elmləri sahəsində alınmış çoxsaylı elmi nəticələr sırasından yalnız ən mühümləri (37 nəticə) seçilib.

Bundan əlavə, hesabat dövründə BTEB-in əhatə etdiyi institutlar tərəfindən 1020 elmi əsər, o cümlədən 12 kitab (1-i xaricdə), 12 monoqrafiya (1-i xaricdə), 404 məqalə (266-sı xaricdə, onlardan 228-i indeksləşən bazalara, 145-i Web of Science və Scopus bazalarında, 68-i digər bazalarda), 592 tezis (162-i xaricdə) nəşr olunub. Əməkdaşların əsərlərinə 3190 istinad edilib.

Tibb yönümlü elmi tədqiqat və təhsil müəssisələri tərəfindən 4250 elmi əsər, o cümlədən 62 kitab (3-ü xaricdə), 25 monoqrafiya (6-sı xaricdə), 2015 məqalə (890-ı xaricdə, onlardan 457-i Web of Science və Scopus bazalarından olan jurnallarda), 2097 tezis (640-ı xaricdə) nəşr olunub, elmi əsərlərə 1262 istinad edilib.

Hesabat ilində AR Kənd Təsərrüfatı Nazirliyinin aqrar tədqiqat və təhsil müəssisələri tərəfindən 912 elmi əsər, o cümlədən 50 kitab (3-ü xaricdə), 4 monoqrafiya (1-i xaricdə), 554 məqalə (277-si xaricdə, onlardan 121-i Web of Science və Scopus bazalarında), 304 tezis (85-i xaricdə) nəşr olunub. Əməkdaşların əsərlərinə 1282 istinad edilib.

Akademik İradə Hüseynova, həmçinin bildirib ki, hazırda Stenford Universitetinin yüksək reytinq siyahısına düşmüş alimlərimizin siyahısında biologiya və tibb elmləri sahəsində çalışan AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq laboratoriyalarının rəhbərləri – Rusiya EA-nın müxbir üzvü Süleyman Allahverdiyev və professor Qərib Mürşüdov, AR ETN Genetik Ehtiyatlar İnstitutunun beynəlxalq laboratoriyasının müdiri Dr. Asəf Salamov, AR SN ET Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev və Bakı Dövlət Universitetinin professoru Rövşən Xəlilovun adları var.

Məruzədə, o cümlədən bölmənin elmi nəşrləri, elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, kadr hazırlığı, müəssisələrdə fəaliyyət göstərən beynəlxalq laboratoriyalar, elektron elmin vəziyyəti, təltiflər, patentlər, qrantlar və s. barədə məlumat verilib.

Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Biologiya və Tibb Elmləri Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib və bölməyə müvafiq tapşırıqlar verilib.

XQ



Elm