AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyevin bu il 70 yaşı tamam olur. Onun elmi fəaliyyəti, arxeologiya sahəsində apardığı tədqiqatlar ictimaiyyətə çoxdan bəllidir. Qədim tariximizin müxtəlif dövrlərinin araşdırılıb üzə çıxarılmasında böyük nəticələr əldə edən alimin fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Vəli Baxşəliyev 2014-cü ildə “Tərəqqi”, 2019-cu ildə isə “AXC-nin 100 illiyi” medalı ilə təltif edilib. Arxeologiya elminin inkişafında göstərdiyi xidmətlərinə görə 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin, o cümlədən AMEA-nın və Naxçıvan Bölməsinin Fəxri fərmanlarına layiq görülüb. Tarixçi alimlə bu dəfəki görüşümüzdə ona bir neçə sualla müraciət etdik.
- Vəli müəllim, zəngin elmi həyatınıza nəzər saldıqda, tarix elminin inkişafına töhfə verən hansı əsas elmi nəticələrinizi qeyd edə bilərsiniz?
Elmi nəticələr çoxdur. Demək olar ki, XX əsrin 80-ci illərindən etibarən Naxçıvan Muxtar Respublikasında tədqiqatlar davam etdirilir və bu dövr ərzində Naxçıvan arxeologiyası ilə bağlı bir çox yeni məqamlar üzə çıxarılıb. Hələ keçən əsrin 80-ci illərində Xocalı-Gədəbəy mədəniyyəti ilə bağlı tapıntılar əldə olunmuşdu ki, bu da həmin dövr üçün böyük əhəmiyyət kəsb edirdi.
Daha sonra Oğlanqala yaşayış yerində aparılan araşdırmalar göstərdi ki, Naxçıvan Muxtar Respublikası Urartu dövlətinin tərkibinə daxil olmayıb və burada mövcud olan dövlət birlikləri Urartularla mübarizədə mühüm rol oynayıb. Etiuni tayfa ittifaqları formalaşdırılıb. Ümumiyyətlə, Naxçıvanın neolit dövrü ilə bağlı dövrləşməyə dair yeni tapıntılar mövcuddur. Erkən eneolit abidələri, yəni indiyə qədər erkən və orta eneolit dövrünə aid abidələr Azərbaycan, ümumiyyətlə, Cənubi Qafqazda məlum deyildi. Lakin Naxçıvan ərazisində bu dövrlərə aid bir neçə yaşayış yeri aşkar olunub.
Orta tunc dövrü boyalı qabları ilə bağlı xeyli maddi mədəniyyət nümunələri aşkar edilib. Eyni zamanda, Kür-Araz mədəniyyətinin mənşəyi ilə bağlı da xeyli elmi yeniliklər əldə olunub.
-Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu hazırda öz fəaliyyətini hansı istiqamətlərdə davam etdirir?
Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu hazırda əsasən tarix, etnoqrafiya və arxeologiya sahəsində tədqiqatlar aparır. Naxçıvan tarixi, etnoqrafiyası və arxeologiyası yalnız muxtar respublikanın ərazisi ilə məhdudlaşmır. Buradakı tarix və mədəniyyət abidələri qonşu ölkələr və Azərbaycanın digər bölgələri, eləcə də Cənubi Qafqazın bir çox əraziləri ilə sıx bağlı olduğundan, burada aparılan araşdırmalar yalnız Naxçıvanın deyil, eyni zamanda Azərbaycanın, Cənubi Qafqazın və Yaxın Şərqin tarixini öyrənmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.
-Bu il Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd olunur. AMEA-nın müxbir üzvü kimi, bu qurumun qarşısında duran əsas çağırışlar və imkanlar barədə nə düşünürsünüz?
Bu il Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin qeyd olunması Azərbaycan elmi üçün böyük əhəmiyyət daşıyır. AMEA ölkəmizin elm tarixində mühüm rol oynayıb və milli elmin inkişafına əvəzsiz töhfələr verib. Akademiyanın qarşısında duran əsas çağırışlardan biri müasir elmi tədqiqatların beynəlxalq səviyyədə tanınmasını təmin etmək, gənc alimlərin yetişdirilməsinə və elmin müxtəlif sahələrində multidisiplinar yanaşmaların tətbiqinə nail olmaqdır.
Gələcəkdə akademiyanın qarşısında duran imkanlar isə genişdir: beynəlxalq əməkdaşlıqların inkişafı, yeni texnologiyaların elmi tədqiqatlarda tətbiqi və milli elmin dünyada tanıdılması bu imkanların əsas istiqamətlərini təşkil edir. Mən əminəm ki, AMEA öz zəngin ənənəsini qoruyaraq, Azərbaycan elminin inkişafında həlledici rolunu davam etdirəcək.
-Sizin rəhbərliyinizlə həyata keçirilən Azərbaycan-ABŞ və Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyalarının fəaliyyətinə də toxunmağınızı istərdim.
Qeyd etdiyim kimi, Naxçıvan Muxtar Respublikasının tarix və mədəniyyət abidələri yalnız Naxçıvanın tarixini deyil, eyni zamanda Cənubi Qafqazın və Yaxın Şərqin tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Naxçıvanda elmi yeniliklərin və yeni abidələrin aşkar olunması, şübhəsiz ki, xarici ölkə tədqiqatçılarının da diqqətini çəkirdi. Buna görə də onlar bizə əməkdaşlıq təklif etdilər və biz də bu əməkdaşlığı qəbul etdik.
Məqsəd Azərbaycanın tarix və mədəniyyət abidələrini dünyada tanıtmaq idi. Çünki birgə ekspedisiyalar və əməkdaşlıqlar mədəniyyət abidələrinin beynəlxalq aləmdə tanıdılması üçün olduqca əhəmiyyətli və zəruri idi. Ona görə də 2006-cı ildən başlayaraq xarici ölkə tədqiqatçıları ilə əməkdaşlığımız davam edir və bu əməkdaşlıq həm Naxçıvan tarixi, həm də Azərbaycan tarixi üçün mühüm nəticələr verir. Belə ki, bizim bədxah qonşularımızın tariximizə və abidələrimizə qarşı apardığı təbliğata cavab olaraq biz beynəlxalq miqyasda aparılan araşdırmalar və beynəlxalq jurnallardan istifadə etməklə obyektiv nəticələr təqdim etmiş olduq.
Azərbaycan arxeologiyası son illərdə nəzərəçarpacaq inkişaf yolu keçib. Bəs bu gün bu sahənin qarşısında duran başlıca elmi və praktiki problemlər hansılardır? Sizcə, onların həlli üçün hansı yeni elmi yanaşmalar və müasir tədqiqat metodları tətbiq olunmalıdır?
Həm abidələrin, həm də tariximizin tədqiqində multidisiplinar yanaşma əsas yer tutur. Çünki yalnız arxiv materiallarının və ya arxeoloji materialların araşdırılması kifayət etmir. Bununla yanaşı, arxeoloji abidələrdə xüsusilə heyvan qalıqlarının, botaniki qalıqların araşdırılması, karbon analizlərinin aparılması olduqca mühüm əhəmiyyətə malikdir.
Bu multidisiplinar tədqiqatlar qədim dövrdə ölkəmizin ərazisində yaşayan tayfaların həyat və fəaliyyətini, tarixini dəqiqləşdirməyə, həm də onların həyat tərzini ətraflı şəkildə öyrənməyə imkan verir. Buna görə də müxtəlif tədqiqat metodları, xüsusilə bioloji, zooloji, karbon analizlərinin tətbiqi, eyni zamanda abidələrin və arxeoloji tapıntıların fotoşəkillərinin çəkilməsində elektron görüntülərə üstünlük verilməsi vacibdir – həm yaşayış yerləri, həm də ayrı-ayrı tapıntıların araşdırılması baxımından.
Bunlar olmadan müasir dövrdə arxeologiya və tarix elmini təsəvvür etmək mümkün deyil. Buna görə də gələcəkdə bu sahədə elmi yeniliklərdən, rəqəmsal texnologiyalardan geniş şəkildə istifadə olunması nəzərdə tutulub.
-Son iki sualım fərdi istiqamətdə olacaq. Birinci sualım budur ki, uzun illərdir, arxeoloji tədqiqatlar aparırsınız. Tariximizin hansı səhifəsi sizi daha çox təsirləndirib?
Qədim dövr tarixi… Bu, mənim üçün hər zaman ən çox düşündürücü və müəmmalı qalan dövrdür. Çünki türksoylu Azərbaycan xalqının bu ərazidə məskunlaşması məsələsi hələ də tam şəkildə və düzgün araşdırılmayıb. Sovet dövründə isə bu mövzu çox təhrif olunmuş şəkildə təqdim edilirdi. O zaman belə hesab edirdilər ki, Azərbaycan xalqı indiki Azərbaycan Respublikası ərazisində, ancaq XI əsrdən başlayaraq məskunlaşıb.
Halbuki, aparılan tədqiqatlar, tapılan abidələr və arxeoloji faktlar sübut edir ki, Azərbaycan xalqı və ümumilikdə türk xalqları bu torpaqlarda eramızdan əvvəl V–VI minilliklərdən etibarən yaşayır. Bu gün bizim mədəniyyətimiz də həmin qədim sivilizasiyanın davamıdır.
-İndi isə ikinci sualımı ünvanlamaq istərdim. Hörmətli Vəli müəllim, ömrünüzün 70 ilini geridə qoymusunuz. Geniş və çoxşaxəli elmi fəaliyyətinizin hansı mərhələsini daha maraqlı və yaddaqalan hesab edirsiniz?
Arxeoloji abidələrin araşdırılması, demək olar ki, mənim fəaliyyətimdə ən mühüm məsələlərdən biri idi. Xüsusilə də AMEA Naxçıvan Bölməsinin yaranmasından sonra Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin tədqiqi üçün yaradılan şərait daha məhsuldar oldu. Yerli ekspedisiyalarla yanaşı, xarici ölkələrin ekspedisiyalarının da Naxçıvan ərazisində işləməsi yeni tapıntıların və elmi nailiyyətlərin əldə edilməsinə gətirib çıxardı.
- Suallarımızı cavablandırdığınız üçün sağ olun.
Siz də sağ olun.
Müsahibəni hazırladı: 
Məhsəti Cəfərli,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

