Ərzurum Atatürk Universiteti və Qırğızıstan-Türkiyə Manas Universitetinin birgə təşkilatçılığı ilə "XXI əsrin ilk rübündə türk tarixşünaslığı: aktual məsələlər və həlli yolları" mövzusunda elmi toplantı keçirilib. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və institutun Arxeoloji xidmət şöbəsinin baş laborantı Elmar Baxşəliyev həmin elm tədbirində iştirak ediblər.
Bu haqda “Xalq qəzeti”nə AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, toplantının açılış mərasimində türk tarixşünaslığının görkəmli nümayəndələrindən biri, Türkiyə-Qırğızıstan Manas Universitetinin rektoru, professor Alparslan Ceylanın 65 illik yubileyinə həsr olunmuş ikicildlik elmi toplu ictimaiyyətə təqdim edilib. Professor Vəli Baxşəliyev və gənc tədqiqatçı Elmar Baxşəliyevin "Naxçıvanın Orta Dəmir dövrü abidələri" adlı məqaləsi də həmin topluda yer alıb.
100-ə yaxın elm adamının qatıldığı toplantıda türk xalqlarının tarixi ilə bağlı bir çox məsələlər, o cümlədən türk xalqları tarixinin ortaq məsələləri, coğrafi adların düzgün yazılması, Avrasiyada türk xalqlarının məskunlaşma tarixinin saxtalaşdırılması, türk xalqlarının tarixi ilə bağlı xronoloji məsələlər, İslamın qəbul edilməsi və onun tarixşünaslığa təsiri, elmi mənbələrin və arxivlərin elektronlaşdırılması, süni intellektin müasir elmi tədqiqatlarda rolu və digər məsələlər ətrafında müzakirə aparılıb. Naxçıvanlı tədqiqatçıların müzakirə edilən məsələlərlə bağlı çıxışları maraqla qarşılanıb.
Müzakirənin sonunda qeyd olunub ki, süni intellektin elmi araşdırmalara tətbiqində bir sıra qüsurlar nəzərə çarpsa da, onun gələcəkdə inkişaf etdirilməsi müasir elmin qarşısında dayanan əsas tələblərindən biridir.