Türkiyəli xanım alimin şüşə istehsalı barədə mühazirəsi maraqla qarşılandı

post-img

AMEA Arxeologiya və Antropologiya İnstitutunda Türkiyə Cümhuriyyətinin  Mardin şəhərində yerləşən Artuklu Universitetinin doktoru, arxeoloq xanım Elif Hanarın "Şüşənin tarixi və istehsal texnologiyası" adlı seminarı keçirilib.  

İnstitutun elmi əməkdaşları üçün nəzərdə tutulmuş seminarı giriş sözü ilə açan “Tunc dövrü arxeologiyası” şöbəsinin müdiri, t.ü.f.d., dosent Səfər Aşurov bildirdi ki, ötən il Azərbaycandan olan elmi heyət Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin rəsmi icazəsi ilə Iğdır vilayəti ərazisində arxeoloji kəşfiyyat işləri aparıb. Türkiyə və Azərbaycan arxeoloqlarının birgə fəaliyyəti dövründə şüşə istehsalının yaranması və şüşə məmulatlarının istehsal texnologiyasının tarixi üzrə araşdırmalar aparan doktor Elif Hanarın tədqiqatları böyük marağa səbəb oldu. Azərbaycanda bu istiqamətdə tədqiqatlar bir zamanlar t.e.d., professor Aləm Nuriyev tərəfindən aparılıb. Amma hal-hazırda Azərbaycanda bu mövzunun arxeometrik aspektləri üzrə tədqiqatlara ciddi ehtiyac vardır. Elə bu səbəbdən qarşılıqlı əməkdaşlıq çərçivəsində xanım Dr. Elif Hanarı Azərbaycana dəvət etdik. Bu səfər ərzində türkiyəli alim Azərbaycanda arxeoloqlar tərəfindən aşkar edilmiş ən qədim dövrlərdən orta əsrlərədək geniş bir tarixi mərhələni əhatə edən şüşə məmulatı nümunələri ilə tanış oldu. Eyni zamanda Dr. Elif Hanar azərbaycanlı arxeoloqlar üçün şüşə istehsalı tarixi mövzusu üzrə seminar keçirməyə məmuniyyətlə razılığını bildirdi – deyə Səfər Aşurov vurğuladı. 

Daha sonra Dr. Elif Hanar şüşənin istehsalının tarixinə həsr edilmiş mühazirəsini təqdim etdi. Vizual elektron təqdimatla müşayət olunan mühazirəsində türkiyəli alim bildirdi ki, arxeoloji tədqiqatlarda ən qədim şüşə texnologiyasının Mesopotamiyada e.ə. III minilliyin əvvəlində, yəni İlk Tunc dövründə muncuqların istehsalında istifadə edilməsi izlənilmişdir. Daha sonra isə, şüşə istehsalı texnologiyası Yaxın Şərqə yayılmış, müxtəlif texniki üsullar və qatqılarla mürəkkəbləşmişdir. Mürəkkəbləşməyə və artıq müxtəlif çeşidli məhsulların istehsalına baxmayaraq Şümer-Akkad mixi yazılı gil lövhələrində əks olunmuş şüşə istehsalının təməl texnologiyası Roma imperiyasınadək 2000 il ərzində dəyişilmədən müxtəlif dövrlərdə fərqli regionlara və xalqlara ötürülürdü. Arxeoloji baxımdan şüşənin qab istehsalında işlədilməsini göstərən ən qədim fakt - Tell-əl-Rimah abidəsində (müasir İraqın Nineva bölgəsi) e.ə. XV-X əsrlərə aid təbəqədə tapılmış üzəri ziqzaq şəkilli naxışlarla bəzədilmiş şüşə bardağın qalığıdır. Faktiki eyni dövrdə qədim Misirdə və ümumiyyətlə, Yaxın Şərqdə şüşə istehsalı kustar sənaye formasını alır. 

Xanım Dr. Elif Hanar daha sonra Yaxın Şərqin qədim dövründən Roma imperiyasının sonuna qədər şüşə qab istehsalının üslub və texnologiyalarından, onarın dəyişmə dinamikasından söz açdı. Diyarbəkr muzeyində sərgilənən şüşə məmulatlarının tarixi dövrlərə uyğun təqdimatı bu istehsal sahəsinin zaman keçdikcə hansı ardıcıllıqla dəyişdiyini göstərdi. Böyük maraqla qarşılanan mühazirənin sonunda Türkiyəli alim Elif Hanar iştirakçıların suallarını cavablandırdı və Azərbaycanda bu istehsal sahəsinin tarixi üzrə gələcək elmi araşdırmaların istiqamətləri müzakirə edildi.













Elm