AMEA-nın 2024-cü il fəaliyyəti kontekstində
III məqalə
“Yaşıl” strategiya
Əlbəttə, bu, metaforadır (məcazdır). Son illər müxtəlif siyasi və elmi dairələrdə “yaşıl enerji”, “yaşıl ölkə”, “yaşıl dünya”, “yaşıl strategiya” və s. kimi obrazlı ifadələrdən istifadə olunur. Onların hər birində insan və cəmiyyət miqyasında həyatın sağlam, təmiz ekologiya və humanitarlıq mühitində təşkil edilməsinin müxtəlif aspektləri ifadə olunur. Bu prosesdə isə aparıcı rolu elm oynamalıdır.
Bununla avtomatik olaraq elm üçün ən yeni texnologiyaların tətbiqi ilə cəmiyyətdə onun mümkün nəticələrinin qarşılıqlı əlaqədə tədqiq edilməsi məsələsi çox aktuallaşır. AMEA-nın yeniləşmə kursunda vurğulanan istiqamət ciddi yer tutur. Onun həyata keçirilməsi isə Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişaf kursunun Milli Prioritetlərindən birinə uyğun aparılır. Həmin prioritet istiqamət belədir: “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”. Onun çərçivəsində iki məqsədə çatılmalıdır:
– yüksək keyfiyyətli ekoloji mühit;
– “yaşıl enerji” məkanı.
Yeri gəlmişkən, onu vurğulayaq ki, AMEA-nın 2025-2030-cu illər üçün hazırlanan fəaliyyət strategiyasında (artıq həmin strategiya ümumi səviyyədə qəbul olunmuşdur, lakin təsdiq olunması üçün təkmilləşmə mərhələsindədir) “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritet kimi ciddi surətdə yer almışdır. Bu o deməkdir ki, AMEA qarşıdakı 5 illik fəaliyyətinin strategiyasında, obrazlı ifadə etsək, “yaşıl strategiya”ya böyük önəm verməyi planlaşdırmışdır.
Hesabat iclasında edilən məruzədən göründü ki, İctimai Bölmə bununla əlaqədar xeyli tədbirlər həyata keçirmişdir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dövlət başçısının Sərəncamının icrasına uyğun olaraq, ictimai bölmənin elmi tədqiqat müəssisələrində 1 beynəlxalq, 2 respublika səviyyəli elmi konfrans, 3 elmi seminar, 6 dəyirmi masa keçirilmiş, 2 kitab işıq üzü görmüşdür.
Həmin çərçivədə “Yaşıl dünya naminə həmrəylik – COP29-un çağırışları və humanitar elmin vəzifələri”, “Yaşıl enerji və ekoloji problemlərin fəlsəfəsi”, “Azərbaycan gəncliyinin “Yaşıl dünya naminə həmrəylik ili”nə dəstəyi”, “Prezident İlham Əliyevin Dövlət idarəçiliyi: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir”, “Yaşıl enerji və ekoloji problemlərin fəlsəfəsi”, “COP29 – Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr”, “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Heydər Əliyevin rolu” və s. mövzularda konfranslar, dəyirmi masalar, həmçinin kitab təqdimatları keçirilmişdir.
Bir il müddətində, ümumiyyətlə, Azərbaycan elmi üçün yeni olan bu mövzular üzrə bir neçə tədbir keçirmək az zəhmət tələb etmir. AMEA-nın yuxarıda vurğulanan tədbirlərinin mövzuları göstərir ki, üç aspekt elmi baxımdan sintez halında araşdırılmışdır: “yaşıl enerji”, ekoloji problemlərin ümumi səviyyədə həlli və ən yeni texnologiyaların tətbiqinin mümkün nəticələri. Onları ümumiləşdirib obrazlı “yaşıl strategiya” adlandıra bilərik.
Ən yeni texnologiyalar
Bütövlükdə ən yeni texnologiyalar məsələsi dünya elminin çox aktual problemi kimi bir neçə ildir ki, müxtəlif elmi mərkəzlərdə, universitetlərdə, akademik təşkilatlarda intensiv araşdırılır. Konkret elm sahələrinin nümayəndələri, filosoflar, sosioloqlar, kulturoloqlar, XXI əsrin ən yeni elmi istiqamətləri bu problemə çox ciddi diqqət yetirirlər. Yəni müasir fəlsəfi və elmi idrak üçün ən yeni texnologiyaların həm nəzəri, həm də praktiki araşdırılması olduqca aktualdır. İndi dünyada həmin problemlə əlaqədar müxtəlif proqnozların verildiyi tədqiqatlar aparılır. Bir neçə nümunəni qısa təqdim edək.
Ervin Laslo XXI əsrdə yazdığı əsərlərinin birində insanın dünyanı bütöv bir varlıq kimi elmi dərk etməyə çox yaxınlaşdığını vurğulayır. Onun əsasında “şüalanma”, “nurlanma” və ya “şəfqət” dayanır (Azərbaycan fiosofu Şihabəddin Yəhya Sührəvərdi yada düşür). Bu fundamental birləşdirici anlayışı E.Laslo “informasiya” adlandırır. Deməli, müasir elm informasiya haqqında elə bir nəzəriyyə yaratmaq yolundadır ki, dünyanı vahid, bütöv və tam dərk etmək mümkün olsun. Təbii ki, məsələnin bu cür qoyuluşu ən yeni idraki və texniki texnologiyaların tətbiqi olmadan mümkün deyildir.
Cənubi Koreya filosofu Yuk Hui isə ümumiyyətlə, Kosmosun “texnokosmisizm” forması aldığını yazır. Yəni insan artıq Kosmosa elmin və texnologiyanın yaratdığı mənzərə prizmasında baxır. Buna görə də indi dünyanı “elmi” adlandırmaq olar.
Rusiyalı sinergetiklər V.Arşinov, V.Budanov isə 2030-cu ildə dünyada Böyük Antropoloji Keçidin baş verəcəyini proqnozlaşdırırlar. Bu, bütövlükdə bəşəriyyətin keyfiyyətcə yeni həyat mərhələsinə qədəm qoyacağını ifadə edir. Alimlərin fikrincə, dünyanın yeni mərhələsinin əsas fərqli cəhəti süni intellekt, ən yeni texnologiyalar və rəqəmsallaşmanın sintezindən ibarət olacaqdır. Onun öncəki tarixi mərhələlərdən fərqi sosial faktorun (yəni insan, mədəniyyət, humanitarlıq) texniki və texnoloji tərəqqi ilə vəhdətdə olması ilə bağlı olacaqdır.
Məşhur futurist və “Google”nin araşdırmalar departamentinin direktoru Rey Kursveyl isə proqnozlaşdırır ki, 2029-cu ildə süni intellekt təbii intellektdən (insandan) daha ağıllı olacaq və 2045-ci ildə onlar sintez olunaraq “vahid yeni yaradıcı varlıq” əmələ gətirəcəklər.
Başqa nümunələr də göstərmək olar. Lakin vurğuladığımız misallar da göstərir ki, müasir elmdə yeni texnologiyalara, rəqəmsallaşmaya və süni intellektin yaradılmasına ən perspektivli istiqamət kimi yanaşılır. Buna görə də AMEA-nın yeniləşmə kursunda süni intellektə, elektronlaşmaya və yeni texnologiyaların tətbiqinə xüsusi yer ayrılması dünya elminin ümumi inkişaf tendensiyasına tam uyğundur.
AMEA-nın yeni tarixi mərhələ üçün müəyyən etdiyi 7 prioritet istiqamətdən üçüncüsü belə adlanır: “Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizliklə bağlı məsələlərin Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin əhatə etdiyi elmi tədqiqat institutlarının elmi dövriyyəsinə daxil edilməsi yaxın dövrün əsas prioritetlərindəndir”.
Vurğuladığımız elmi faktların prizmasında İctimai Bölmənin illik hesabatında süni intellekt, elektron elmin inkişafı və rəqəmsallaşmanın ayrıca müzakirə obyekti olması tamamilə təbii görünür. Bu bağlılıqda iki akademikin dialoqu kimi təqdim etmək istədiyimiz müzakirə maraqlıdır.
2 akademikin dialoqu
AMEA-nın prezidenti İctimai Bölmənin illik hesabatına həsr edilmiş iclasda çıxışı zamanı Akademiyada elektron elmin inkişafı istiqamətində atılan addımlara da toxundu. O cümlədən 2025-ci ildə Akademiyanın bütün jurnallarının elektron bazasının hazırlanması prosesinin başa çatdırılacağını ifadə etdi. Elmi nəşrlərin “Scopus və Web of Science” bazası səviyyəsinə qaldırılmasının başlıca hədəflərdən olduğunu diqqətə çatdırdı.
Bundan əvvəlki çıxışlarında da akademik İsa Həbibbəyli daim süni intellektin tədqiqi, rəqəmsallaşmanın geniş tətbiqi və elektron Akademiyanın yaradılması zərurətini vurğulamışdır. Praktiki olaraq da həmin istiqamətlərdə AMEA-da son bir ildə müxtəlif aspektlərdə addımlar atılmışdır. Süni intellektin tədqiqi ilə bağlı əsərlərə AMEA rəhbəri ayrıca önəm verməkdədir.
Artıq elmi tədqiqat institutlarında bu istiqamət getdikcə daha populyar olur. Nümunə kimi, Fəlsəfə və Sosiologiya İnstitutunda süni intellektin fəlsəfi araşdırılmasına çox geniş yer verildiyini deyə bilərik. Bu institutda həmin mövzuda kollektiv monoqrafiyalar çap olunur və bu proses getdikcə daha geniş və dərin yön almaqdadır. Özü də süni intellektin tədqiqi ən müasir elmi yanaşmalar kontekstində fəlsəfi dərk edilməyə çalışılır. AMEA-nın digər sosio-humanitar profilli institutlarında da anoloji tədqiqatların aparıldığı haqqında kifayət qədər informasiya mövcuddur.
Bütün bunlara görə, akademik Rasim Əliquliyevin öz çıxışında rəqəmsallaşma, süni inellekt və elektronlaşma üzərində geniş dayanması tamamilə məntiqidir. R.Əliquliyev problemi aktual kontekstdə ifadə etdi. Azərbaycan alimlərinin rəqəmsallaşma, süni intellektin yaradılması və elektron Akademiyanın uğurla formalaşması prosesində aktiv iştirakı üçün onların hazırlıqlarının yeni səviyyəyə yüksəldilməsi zərurətini vurğuladı. Əlbəttə, bu tələb ilk növbədə gənc alimlərin yetişdirilməsinə aiddir. O cümlədən doktorantura pilləsində tədris və yaradıcılığın müasir tələblər səviyyəsində təşkili məsələsi aktuallaşmış olur. Bu baxımdan Rəyasət Heyəti Aparatının “Elm və təhsil” şöbəsinin gördüyü işləri təqdirəlayiq hesab etmək olar.
Akademik İsa Həbibbəyli akademik Rasim Əliquliyevin bu aktual fikirlərinə haqq qazandıraraq, iclasın sonunda bir daha rəqəmsallaşma, süni intellektin tədqiqi və elektron Akademiyanın yaradılması üzərində dayandı. Bu məsələnin bütövlükdə AMEA-nın yeniləşməsində mühüm yer tutduğunu vurğuladı. Həmin kontekstdə də təşkilatın bundan sonra da davamlı olaraq ən yeni elmi sahələr üzrə sistemli tədqiqat aparacağını ifadə etdi.
Bununla təbii surətdə iki akademikin maraqlı dialoqu alındı. Fikirlər və tezislər bir-birini tamamlayır. Onun mənalarından biri ondan ibarətdir ki, AMEA-da yeniləşmə sistemli və davamlı olaraq vahid komandanın formalaşması şəraitində aparılmaqdadır.
Perspektivlər
AMEA nümunəsi göstərir ki, Azərbaycanda sosial və humanitar elmlərin perspektivi vardır. Ölkənin baş elmi təşkilatı həyata keçirdiyi yeniləşmə proqramları ilə getdikcə daha böyük mənada nəzəri ilə praktiki aspektlərin bir-birini konkret nəticələr almaqla tamamlamasına çalışır. Hər kəsə aydındır ki, bu proses mürəkkəbdir və vaxt tələb edir. Ancaq AMEA qətiyyətlə həmin istiqamətdə irəliləməkdədir. Burada ölkənin bütün elm və təhsil dairələrinin qarşılıqlı əlaqədə fəaliyyəti zəruridir. Bu nəticəyə də nail olunacağına ümid vardır.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru