AMEA-da “Mahmud Kaşğari “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

post-img

İyunun 28-də AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstiutunun təşkilatçılığı ilə “Mahmud Kaşğari “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türk Dil Qurumunun başqanı professor Osman Mert, Özbəkistan Respublikası Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru professor Bahrom Abduxalimov, eləcə də Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev, Dilçilik İnstitutunun əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkə Prezidenti İlham Əliyevin fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı Türk dünyası ilə əməkdaşlığı dövlət siyasətində əsas prioritet kimi müəyyənləşdirdiyini və Türk Dövlətləri Təşkilatını vahid bir ailə kimi təsvir etdiyini bildirib. Alim indiki tarixi mərhələnin Türk dünyası ilə inteqrasiyanın genişlənmə imkanlarının daha da möhkəmlənməsinə xidmət etdiyini söyləyib, bu istiqamətdə AMEA-da da mühüm işlərin görüldüyünü deyib.

Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin Azərbaycanda çap olunmasını əhəmiyyətli hadisə kimi dəyərləndirən alim beynəlxalq tədbirin türk dövlətlərinin dostluğunun, birliyinin daha bir parlaq nümunəsi olduğunu vurğulayıb. AMEA rəhbəri ana dilimizdə işıq üzü görən qaynağın bundan sonra geniş tədqiqat obyektinə çevriləcəyini vurğulayıb. 

1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayı xatırladan akademik İsa Həbibbəyli bildirib ki, bu qurultayda XX əsrin əvvəllərində türkoloji elmi-mədəni mühitin aktual məsələlərinə toxunulub, latın əlifbasına keçidlə bağlı qərarlar qəbul edilib. O, Türk dövlətlərinin ortaq əlifbasının yaradılması, türkoloji elmlər sisteminin inkişaf etdirilməsi, beynəlxalq miqyasda inteqrasiya proseslərinin daha da genişləndirilməsi kimi məsələləri 2026-cı ildə baş tutacaq İkinci Türkoloji Qurultaya töhfə kimi dəyərləndirib.

Akademik İsa Həbibbəyli müsəlman dünyası üçün ən böyük təməl kitabın “Qurani-Kərim” olduğunu, ondan sonra ədəbiyyatda və ictimai fikirdə Türk dünyasını birləşdirən bir neçə möhtəşəm əsərin meydana çıxdığını deyib. Bildirib ki, “Qurani-Kərim”dən sonra türk dünyası üçün ən böyük bədii əsər "Kitabi Dədə Qorqud", ən böyük elmi əsər isə “Divanü lüğat-it-türk”dür.

AMEA prezidenti “Divanü lüğat-it-türk” əsərinin ilk dəfə ərəb dilindən Azərbaycan dilinə özbək əsilli məşhur Azərbaycan alimi Xalid Səid Xocayev tərəfindən tərcümə edildiyini diqqətə çatdırıb. O, Xalid Səid Xocayevin bu kitabın tərcüməsinə görə “əksinqilabi pantürkist təşkilatın üzvü kimi Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq 1937-ci ildə güllələnməyə məhkum edildiyini və bununla da əsərin itmiş hesab olunduğunu bildirib. Alim “Divanü lüğat-it-türk” əsərinin 86 ildən sonra – 2023-cü ildə Dilçilik İnstitutunun arxivindən tapıldığını qeyd edib.

Akademik İsa Həbibbəyli bu əsərinin türk dillərinin tarixi inkişafını, tarixi leksikologiyasını öyrənməkdə, müqayisəli qrammatikasını tərtib etməkdə əvəzsiz mənbə olduğunu vurğulayıb. O, cari ilin mart ayında geniş ictimaiyyətin iştirakı ilə ADA Universitetində kitabın təqdimatının keçirildiyini, həmçinin iyunun 24-də Qırğızıstanın Bişkek şəhərində “Yazılışının 950-ci ildönümündə “Divanü lüğat-it türk: Türk dünyasının ortaq dəyəri” mövzusunda beynəlxalq konfransın təşkil olunduğunu diqqətə çatdırıb. AMEA rəhbəri cari ilin dekabrında isə "Divanü lüğat-it-türk"ün 950 illik yubileyinin UNESCO çərçivəsində qeyd olunacağını vurğulayıb.

Daha sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış edərək “Divanü lüğat-it-türk” əsərini türk dünyası haqqında dolğun məlumatların toplandığı “Türküstan” adlandırıb. Bildirib ki, nəşrdə XI əsrdə türklərin yaşaması haqqında məlumatlar yer alıb, bugünkü türk xalqlarının tarixi geniş əks olunub.

“Divanü lüğat-it-türk” əsəri türk dillərinin qrammatikası, zamanın ensiklopediyasıdır”, - deyən professor Nadir Məmmədli vurğulayıb ki, kitabda ən yüngül dilin oğuzların dili olduğu qeyd edilib. 

O, həmçinin kitabın Osmanlı dövrünə gəlib çıxma tarixçəsi barədə məlumat verib. Direktor kitabın tərcüməsini Azərbaycan türkologiyasının tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib.

Diqqətə çatdırılıb ki, Mahmud Kaşğari “Divanü lüğat-it-türk” ensiklopediyasında türksoylu xalqların dil-ağız özəlliklərini, ləhcələrini, milli-mədəni varlığını toplamış, dövrünə uyğun qrammatika və yazı qaydalarını müəyyənləşdirmişdir. Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verən, XI əsrin əvvəllərində türk tayfalarının ləhcələri haqqında geniş məlumat verən dialektoloji-etnoloji kitabdır. 

Tədbirdə Türk Dil Qurumunun başqanı professor Osman Mert və Özbəkistan Respublikası Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru professor Bahrom Abduxalimov çıxış edərək “Divanü lüğat-it-türk”ü keçmişimizi, dilimizi, kimliyimizi, tariximizi öyrənmək baxımından qiymətli əsər kimi səciyyələndiriblər. Vurğulanıb ki,  bu əsərlə türklüyün, türk qrammatikasının təməli qoyulur.

Daha sonra akademik Nizami Cəfərovun “Mahmud Kaşğarinin tədqiqat metodu haqqında”, professor Mahirə Hüseynovanın “Mahmud Kaşğari “Divan”ı və türk dillərinin qrammatikası” və professor İsmayıl Kazımovun “Mahmud Kaşğari “Divan”ı və müasir türk dilləri” adlı məruzələri dinlənilib.

Konfransda, həmçinin Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev, şair-tərcüməçi Elxan Zal Qaraxanlı, tənqidçi və ədəbiyyatşünas Əsəd Cahangir çıxış edərək “Divanü lüğat-it-türk”ün dünya tarixində yazılmış ilk türk lüğəti olduğunu bildiriblər. Qeyd olunub ki, bu əsər yazıldığı dövrün xarakterik cizgilərini müəyyənləşdirən, min il öncəki düşüncəni bu günə gətirən, tanıdan mötəbər bir qaynaqdır.





Elm