Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından olan Başkent Universitetinin Azərbaycan nümayəndəliyinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimindən öncə Başkent Universitetinin nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Daha sonra universitetin Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 117k ünvanında yerləşən nümayəndəliyinin açılış mərasimi keçirilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Başkent Universitetinin qurucusu professor Mehmet Haberal, rektor professor Hakan Özkardeş, TƏBİB-in məsul şəxsləri, Milli Məclisin deputatları, tanınmış həkimlər, iş adamları, eyni zamanda, Başkent Universitetinin məzunları iştirak ediblər.
Başkent Universitetinin qurucusu, Dünya Orqan Transplantasiyası Dərnəyinin prezidenti professor Mehmet Haberal açılış çıxışında qeyd edib ki, nümayəndəliyin açılmasında məqsəd Azərbaycan vətəndaşları üçün tibb təhsili və müalicə imkanları yaratmaqdır: “Biz Türkiyədə olan bütün imkanlardan Bakıda da istifadə olunmasını istəyirik. Söhbət yalnız insanların müalicəsindən getmir. Biz, eyni zamanda, tibb təhsili və ölkə üçün aktual olan müasir ixtisasların əlçatanlığını təmin etmək niyyətindəyik”.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib ki, Başkent Universitetinin Azərbaycan nümayəndəliyinin açılması bir qədər geciksə də, olduqca əhəmiyyətli addımdır. O qeyd edib ki, məşhur Başkent Universiteti Xəstəxanası Türkiyə səhiyyəsində önəmli yer tutur. Belə bir təhsil müəssisəsinin Azərbaycanda nümayəndəliyinin açılması iki ölkə arasında qardaşlıq münasibətlərinin məntiqi davamıdır.
Başkent Universitetinin rektoru professor Hakan Özkardeş öz çıxışında nümayəndəliyin hədəflərindən danışıb və onun fəaliyyətinə uğurlar arzulayıb. O qeyd edib ki, Başkent Universitetinin Tibb fakültəsinin diplomu Azərbaycanda tanınır: “Universitetimiz Avropada akkreditasiyadan keçib və Avropa Kredi Transfer Sistemi və diplom baxımından tanınır”.
Qeyd edək ki, Başkent Universiteti 1993-cü ildə yaradılan hüquqi şəxs statuslu vəqf universitetidir. Onun təsisçisi professor Mehmet Haberaldır. Başkent Universiteti xəstəxanalarında əsasən orqan nəqli, plastik cərrahiyyə, beyin cərrahiyyəsi, travmatologiya, ortopediya və onkoloji xəstəliklərlə bağlı tibbi xidmətlər göstərilir.