Müdafiə qüdrətimizi artırmağa xidmət edən elmi əsər

post-img

Dövlət Mükafatına namizədlər

Böyük Zəfərlə başa çatan 44 gün­lük Vətən müharibəsi və 23 saat 44 dəqiqəlik lokal antiterror əməliyatları ilə ərazi bütövlüyünü və suverenliyi­ni tam təmin edən ölkəmiz inkişafın yeni mərhələsinə qədəm qoyub. Bu mərhələ üçün artıq yeni ideyalar, yeni amallar formalaşmaqdadır.

Dövlətimizin başçısı cənab İlham Əliyev istər yerli televiziya kanallarına verdiyi ge­nişhəcmli müsahibədə, istərsə də növbə­dənkənar prezident seçkilərin qalibi kimi andiçmə mərasimində açıq şəkildə bəyan etdi ki, daha keçmişdə ilişib qalmaq olmaz, təxirəsalınmadan yeni dönəmin yeni inkişaf hədəflərini müəyyənləşdirməliyik. Təbii ki, yeni hədəfimiz, yeni məqsədimiz, ilk növbə­də, respublikamızın iqtisadi inkişafının sürət­ləndirilməsini və milli müdafiə qüdrətinin daha da artırılmasını özündə ehtiva edəcək. Bu isə özü-özlüyündə yerli istehsal sahələrin genişləndirilməsi ilə ölkə iqtisadiyyatının, xüsusilə müdafiə təyinatlı məhsulların idxal asılılığından tamamilə aradan qaldırılmasını təşviq etmiş olur.

Dövlətimizin müdafiə qüdrətinin ar­tırılması da, ilk növbədə, ayrı-ayrı strateji məhsullar üzrə yerli istehsal sahələrinin ya­radılmasını zəruri edir. Bu vacib problemin öz həllini tapması dəqiq və təbiət elmlər üzrə alimlərimiz və müvafiq elmi-tədqiqat insti­tutlarının üzərinə böyük məsuliyyət və çox­saylı vəzifələr qoyur. Başqa sözlə, elm adam­larımızın əldə etdiyi mühüm elmi nəticələrin tətbiq olunması işlərinə önəm verməklə ölkə­mizin müdafiə qüdrətinin artırılmasına daha çox töhfə vermiş olarıq.

Bu amili nəzərə alan Azərbaycan Res­publikası Elm və Təhsil Nazirliyinin aka­demik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun tətbiqyönlü fəaliyyətinin əsas istiqamətini sürtkü materialları və aşqarların yaradılması, onların tətbiqi əsaslarının işlən­məsi təşkil edir. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədə­biyyat üzrə Dövlət Mükafatları Komissiyası tərəfindən 2024-cü il üçün elan olunan Döv­lət Mükafatı Müsabiqəsinə müəllifləri akade­mik Vaqif Fərzəliyev, professorlar Həqiqət Cavadova, Əfsun Sucayev və dosentlər Vasif Abbasovla Səxavət Rüstəmov olan Aşqarlar Kimyası İnstitutunun Təcrübə-Sənaye zavo­du ilə birlkidə təqdim etdiyi “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” adlı kompleks elmi-texniki işi yuxa­rıda qeyd etdiyimiz məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi kimi dəyərləndirmək olar. İşlə yaxından tanışlıqdan aydın olur ki, bu respublika və dünya əhəmiyyətli iş başlıca olaraq ölkəmizin müdafiə qüdrətinin yük­səldilməsi və strateji materiallar üzrə xarici ölkələrdən asılılığın azaldılması məqsədilə hərbi texnika üçün yüksək keyfiyyətli, rəqa­bətə davamlı xüsusi təyinatlı sürtkü yağları­nın yaradılması və istehsalının təşkilinə həsr olunmuşdur.

Məlumat üçün qeyd edək ki, SSRİ dövründə sürtkü yağları və onlara aşqarlar sahəsində üç elmi mərkəzdən biri, müstəqil­lik dövründə isə yeganə elmi mərkəz olan Aşqarlar Kimyası İnstitutu tərəfindən hələ o vaxtlar bir sıra xüsusi təyinatlı sürtkü yağları yaradılmış və istehsalı da təşkil olunmuşdur. Bu yağlardan biri də Ukraynanın Xarkov şəhərində yerləşən zavodda istehsal olunan xüsusi texnikada ‒ tankda istifadə edilən xü­susi təyinatlı dizel mühərriki üçün yaradılmış yağ olub. Bu motor yağının istismar xassələri həmin zavod tərəfindən yaradılmış yeni nə­sil yüksək gücləndirilmiş dizel mühərrikinin tələblərinə tam cavab vermədiyi üçün yeni xüsusi təyinatlı motor yağının yaradılması tələb olunurdu. Bununla əlaqədar 2019-2021-ci illərdə həmin zavodla əməkdaşlıq çərçivə­sində Aşqarlar Kimyası İnstitutu tərəfindən yüksək istismar xassələrinə malik yeni xüsu­si təyinatlı motor yağı yaradılmış və müasir mühərriklərdə sınaqlardan uğurla keçmişdir. 

Qeyd olunan sınaqların müsbət nəticələ­rinə əsasən, yaradılmış yeni motor yağı Azər­baycan Respublikası Müdafiə Nazirliyinin sərəncamında olan tankların mühərriklərində praktiki sınaqlardan uğurla keçmiş və sınaq komissiyası bu yağın tank mühərriklərində istifadəsini məqsədəuyğun hesab etmişdir.

Bu istiqamətdə nümunəvi fəaliyyətini da­vam etdirən Aşqarlar Kimyası İnstitutu alim­ləri daha bir uğura imza atırlar. Onlar tərəfin­dən yaradılmış digər ‒ bütün mövsümlərdə işləyən xüsusi təyinatlı motor yağı Azərbay­can Respublikası Müdafiə Nazirliyində ən son markalı tanklarda praktiki sınaqdan uğur­la keçmiş və sınaq komissiyası bu yağın isti­fadəsini tam məqsədəuyğun hesab etmişdir. 

Yaradılmış bütün bu xüsusi təyinatlı motor yağlarının istehsalı Təcrübə-Sənaye Zavodu MMC-də təşkil edilmiş, istehsalı və istehlakını təmin edən bütün normativ-texni­ki sənədlər işlənilmişdir.

Yaradılmış motor yağlarının istismar xas­sələrinə görə üstünlüklərə malik yeni analoq­ları yaradılmışdır. Yaradılmış xüsusi təyinatlı motor yağlarının 3-ü “məxfi” qriflə Azərbay­can patenti ilə müdafiə olunmuşdur, 1 ixtira isə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əmtəə Nişan­ları və Patent üzrə Ekspertiza Mərkəzinidə baxılmaq üzrədir.

Dövlət Mükafatına təqdim olunan kompleks elmi-texniki işin müəllifləri də öz sahələrində sözünü demiş, elmi nailiyyətlər qazanmış mütəxəssislərdir. Layihənin rəhbə­ri aşqarlar və sürtkü yağları sahəsində dün­ya şöhrətli, beynəlxalq miqyasda tanınmış alim akademik Vaqif Fərzəliyev Aşqarlar Kimyası İnstitutunda yerinə yetirilən bütün elmi tədqiqat işlərinə rəhbərlik edən, xüsu­si təyinatlı sürtkü yağlarının yaradılması, tədqiqi, sınaqlardan keçirilməsi, istehsalın təşkili, əlaqəli təşkilatlarla, o cümlədən xarici təşkilatlarla danışıqların aparılması, alınan nəticələrin müzakirəsinə bilavasitə rəhbər­lik edib. Eyni zamanda yaradılacaq xüsusi təyinatlı sürtkü yağlarına qoyulan tələbləri nəzərə alaraq onların tərkibinə daxil ediləcək baza yağlarının və müvafiq aşqarların seçil­məsinin elmi cəhətdən əsaslandırılması, işin yerinə yetirilməsində gündəmə gələn bir sıra məsələlərin elmi araşdırılması və işin düzgün istiqamətləndirilməsinə daima rəhbərlik edib. 

Digər müəlliflər də–professorlar Həqiqət Cavadova və Əfsun Sucayev aşqarlar kimya­sı məktəbinin yetirmələri kimi müxtəlif təyi­natlı, o cümlədən xüsusi təyinatlı sürtkü yağ­larının yaradılması və istehsalata tətbiqində böyük təcrübəyə malik tanınmış alimlər ol­maqla, Dövlət mükafatına təqdim olunmuş elmi işin yerinə yetirilməsində əvvəldən axı­ra kimi bilavasitə iştirak etmişlər. 

Dövlət Mükafatına təqdim olunan komp­leks elmi-texniki işdə AMEA Təcrübə Sə­naye-Zavodunu təmsil edən alimlər ‒ Vasif Abbasov və Səxavət Rüstəmov isə xüsusi təynatlı yağların elmi cəhətdən işlənilmiş və müvafiq sınaqlara əsasən tələb olunan key­fiyyətə cavab verən tərkibə uyğun istehsal texnologiyasının yaradılmasında, istehsalın təşkilində, müxtəlif sınaqlar üçün tələb olu­nan partiyaların “Texniki Şərt”lərə uyğun istehsalında həm rəhbər kimi, həm də icraçı kimi bilavasitə iştirak etmişdirlər. 

Təqdirəlayiq hal ondan ibarətdir ki, Uk­rayna istehsalı olan T-80 markalı tankların vaxtilə bir sıra xarici ölkələrə ixracı və ha­zırda həmin ölkələrin müdafiəsində istifadə olunması ilə əlaqədar, İnstitut alimləri tərəfi­nindən yaradılmış xüsusi təyinatlı motor yağı Pakistan, Banqladeş, Tayland və Mərakeşə ixrac olunacaq. Buradan belə nəticəyə gəl­mək olar ki, Dövlət Mükafatına təqdim olu­nan kompleks elmi-tekniki iş təkcə ölkəmizin strateji məhsullara olan tələbatının ödənilmə­si və müdafiə qüdrətinin yüksəldilməsinə deyil, eyni zamanda ixrac ediləcək bir çox ölkələrin də iqtisadi inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə müəyyən töhfə verəcək. 

Hazırda Azərbaycan işğal altında olan öz torpaqlarını döyüş meydanında azad et­məklə Ermənistana tam qalib gəlib. Ancaq beynəlxalq güclərin dəstəyilə Ermənistanın silahlandırılması prosesi həyata keçirilir. Regionun iki ölkəsi arasında sülh danışıqları aparılsa da sərhədlərin delimitasiya və de­markasiyası prosesi məqsədli şəkildə yubadı­lır. Eyni zamanda Ermənistanda baş qaldıran seperatçı və revanşist qüvvələr zaman-zaman qisas alacaqlarını dilə gətirirlər. Həm də nəzərə alsaq ki, Cənubi Qafqaz tarixən bey­nəlxalq güc mərkəzlərin çirkin planlarının hazırlanıb münaqişə ocağına çevrildiyi yer­dir, o zaman qarşıda yenidən hansısa silahlı münaqişənin olmayacağına heç kim zəmanət verə bilməz. Belə olan halda düşmənlərimi­zin beynəlxalq havadarları tərəfindən ölkə­mizə qarşı iqtisadi sanksiyaların tətbiqi, o cümlədən strateji məhsul kimi silah və ya xüsusi təyinatlı yağların idxalına müəyyən qadağalar olunması mümkündür. Belə bir arzuolunmayan qərarlar veriləndə ölkəmizdə yuxarıda qeyd olunan müvafiq strateji məh­sulların daxili imkanlarla istehsalı həm daxili tələbat ödəyəcək, idxal asılılığını aradan qal­dıracaq, həm də ixrac olunaraq, ölkəmizin iqtisadi inkişafına töhfə verəcək. Nəzərə al­saq ki, sovet dövründə Aşqarlar Kimyası İns­titutu nəinki Azərbaycanın, SSRİ-nin sürtkü yağlarına olan tələbatının 20 faizini ödəyib, onda belə bir zərurət yaranarsa, əmin olmaq olar ki, İnstitut alimləri bu vəzifənin öhdəsin­dən tam gələ biləcək.

Beləliklə, Dövlət Mükafatına təqdim edilən kompleks elmi-texniki iş birmənalı olaraq həm fundamental-nəzəri, həm də tət­biqi işdir. Bu da o deməkdir ki, iş adıçəkilən mükafatın verilməsi üçün müəyyənləşdiril­miş əsas tələblərə tam cavab verən, elm və texnikanın inkişafına mühüm töhfələr verə biləcək fundamental və tətbiqi elmi araşdır­manın nəticəsi olmaqla, ölkəmizin iqtisadi inkişafı və müdafiə qüdrətinin artırılması hə­dəflərini özündə əks etdirir.

Bir sözlə, Aşqarlar Kimyası İnstitutu və Təcrübə-Sənaye zavodu MMC tərəfindən xüsusi təyinatlı motor yağının yaradılması sahəsində uğurla görülmüş işlərin nəticəsi kimi, “Xüsusi təyinatlı sürtkü yağlarının ya­radılması və istehsalının təşkili” adlı komp­leks elmi-texniki iş Azərbaycan Respublika­sının texnika üzrə Dövlət Mükafatını almağa layiqdir. 

Misir MƏRDANOV,
Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü

Elm