Yaşıl velosiped yolları küçələrimizi “yaşıl” gələcəyə aparır

post-img

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin dekabrında imzalanan yol hərəkətinin təhlükəsizliyi haqda Dövlət Proqramına əsasən, ölkədə yol hərəkətinin təhlükəsiz vəziyyətə gətirilməsi, burada ətraf mühitin yaxşılaşdırılması, avtomobillərdən atılan zəhərli qazların miqdarının azaldılması, bir sözlə, respublika üzrə hərəkətin nizamlaşdırılması nəzərdə tutulub. Həmin sənəddə, eyni zamanda, avtomobil yollarında, küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradılması, ekoloji təmiz nəqliyyat vasitələrinin istismarının stimullaşdırılması məsələləri də yer alıb. 

Azərbaycan Yerüstü Nəqliyyat Agent­liyi (AYNA) tərəfindən cari ilin əvvəlindən etibarən Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanan layihənin icrasına başlanılıb. Layihənin ilkin mərhələ­si Bakı şəhərinin əsasən mərkəzi hissələrini –Azərbaycan, Bülbül prospektlərini, İstiq­laliyyət, Mirzəağa Əliyev, Fikrət Əmirov küçələrini və Bulvar ərazisini əhatə edib. 

Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqlarının salınması plan­laşdırılıb. Artıq bir müddətdir ki, müvafiq nişanlanma işlərinə start verilib. Növbə­ti mərhələdə yol nişanları, eyni zamanda, avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükə­sizlik sədlərinin quraşdırılmasına başlanılıb. Qeyd edək ki, 2027-ci ilədək 63 kilometr ve­losiped yolunun təşkili nəzərdə tutulub.

Hazırda Bakının 8 Noyabr prospektin­də hərəkət zolaqlarının sayı eyni saxlanıl­maqla velosiped zolaqları salınır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür. İşlər prospektin Yusif Səfərov küçəsinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılır. Ümumilikdə, prospekt boyunca 10 kilometrədək velosiped yollarının salınması nəzərdə tutulur. Sözügedən velosiped yolla­rı “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsin­dən ayrılır. Bundan başqa, prospekt boyunca mövcud piyada səkiləri bərpa olunur, kənar­larına yeni səki daşları düzülür.

Bakıda velosiped yolları layihəsi çər­çivəsində yol kəsişmələrinə velosipedlərin hərəkətinin üstün olmasını ifadə edən, nəq­liyyat vasitələri tərəfindən zolaqla hərəkət edən velosipedçi və skuterçilərə yol verilmə­sini şərtləndirən yaşıl rəngli boya çəkilib. 

Velosipedçilərin hərəkət zamanı həmin yaşıl rəngli zolaqdan çıxması “Yol hərəkə­ti haqqında” qanunun tələblərininin pozul­ması, onların cərimələnməsi ilə nəticələnir. Velosiped zolağının tələbi avtobus zolağı kimi müvafiq yol nişanı ilə təchiz olunmaqla müəyyənləşdirilir. Bu isə həmin tələbə riayət etmək üçün qanuni məsuliyyət formalaşdırır. Başqa sözlə, velosipedçi öz zolağı olan yerdə başqa zolaqla hərəkət etdiyi halda ona cərimə tətbiq oluur. Bu “Yol hərəkəti haqqında” qa­nunun müvafiq maddəsində də öz ifadəsini tapır. 

Ekspertlər qeyd edirlər ki, velosiped zolağına digər yol-hərəkət iştirakçılarının daxil olmaması üçün mühafizə olunur. Belə ki, həmin zolaq mühafizə ediməyibsə belə, orada maşın saxlamaq və ya təyinata uyğun gəlməyən şəxslərin daxil olması yolveril­məzdir. Əgər bu, baş verərsə, yaranan vəziy­yət dayanma-durma tələbinin və ya nişanın tələbinin pozulması kimi qiymətləndirilir. Velosiped zolağının olması ilə bağlı nişan qoyulubsa, təyinatı üzrə olmayan nəqliyyat vasitələrinin həmin əraziyə girişi qeyri-qa­nunidir. 

Ekspertlər bildirirlər ki, skuter və velosi­pedlər üçün zolağın salınması normal addım­dır. Çünki dünya təcrübəsində də avtobus, velosiped zolaqları var. Yeri gəlmişkən, inki­şaf etmiş ölkələrdə belə düşünülür ki, şəhərin velosiped yolları varsa, deməli, həmin əra­zidə ətraf mühitin, infrastrukturun və mə­dəniyyətin inkişafına xüsusi diqqət yetirilir. Üstəlik tıxacların çox olduğu meqapolislərdə velosiped yolları sakinlərə hərəkət azadlığı verir. Avropanın əksər ölkələrində velosi­peddən geniş istifadə edilir, belə zolaqlara çox böyük önəm verilir. Paytaxtımızda da bu cür yolların salınması zəruri sayılır. Ona görə ki, velosiped zolaqlarının yaradılmadığı yollarda digər nəqliyyat vasitələrinin xətti ilə hərəkət edən velosipedçinin qəza təhlükəsi ilə üzləşməsinə daha çox rast gəlinir. 

Araşdırmalara görə, dünyada istehlak edilən enerjinin və kükürd qazı tullantısının 20-25 faizi nəqliyyat sektorunun payına dü­şür. Yuxarıda qeyd etdiyimiz kimi, ətraf mü­hitin qorunması baxımından velosiped yolla­rının əhəmiyyəti böyükdür. Bakı şəhərində də velosiped zolaqlarının olması həm paytaxtın infrastruktu, həm də sakinlərin rahatlığı baxı­mından mühüm addım kimi dəyərləndirilir. 

Təbii ki, velosiped və skuterlər üçün çəkilən zolaq müəyyən qədər sıxlığa səbəb olur və hərəkəti çətinləşdirir. Ancaq bunun­la bağlı tədbirlər də görülür. Zolağa girənlər cərimələnir. Digər tərəfdən, hökumt ictimai nəqliyyat növlərini artırmaq barədə məyyən layihələrin icrasını planlaşdırır.

Hazırda Bakı şəhərində velosiped nəqliy­yatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiqamətində davamlı tədbirlər həyata keçirilir. AYNA-nın velosiped nəq­liyyatının inkişafına dair hazırladığı və şəhər mərkəzini, eləcə də ətraf əraziləri əhatə edən tədbirlər planı uğurla icra edilir. Beləliklə, paytaxtımızın velosiped yol şəbəkəsi sürətlə formalaşdırılır. 

Yeri gəlmişkən, velosiped nəqliyyatının sağlam həyatın formalaşdırılması, həmçinin şəhərin ekoloji mühitinə faydalılığını nəzərə alaraq, AYNA ətraf mühitin mühafizəsi na­minə beynəlxalq dialoq ictimai birliyi (IDEA) ilə bu istiqamətdə sıx əməkdaşlıq edir.

İndiyədək şəhərin mərkəzi küçə və pros­pektlərində, eləcə də Bulvar ərazisində velo­siped yolunun inşası istiqamətində genişmiq­yaslı iş görülüb. Sözügedən struktur mövcud norma və standartlara uyğun qurulub. Belə ki, velosiped infrastrukturunun iki istiqamət­də qurulması diqqətdə saxlanılıb. Birincisi, yol infrastrukturunun imkan verdiyi ərazilər­də təhlükəsizlik nəzərə alınmaqla və daha az vaxt sərf edilməklə müvafiq nişan və üfüqi nişanlama xətləri çəkilib. İkincisi isə velosi­ped yolu tikinti-quraşdırma işləri aparılmaq­la gerçəkləşdirilib. 

Qeyd edək ki, velosiped zolaqlarının və yollarının layihələndirilməsi ilk olaraq şəhə­rin mərkəzi hissəsində əsas maraq nöqtələrini birləşdirən marşrut xətləri üzrə nəzərdə tu­tulub. Daha sonra bu marşrutlar əlaqələndi­rilərək daha böyük velosiped yolları şəbəkə­sinin təşkili planlaşdırılıb.

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb. AYNA-nın məlumatına görə, məqsəd fərdi mobillik vasitələrinin təşviqi və istifadəçilə­rin təhlükəsizliyini artırmaqdır.Hazırda pay­taxtın bəzi mərkəzi küçə və prospektlərində bu istiqamətdə texniki işlər həyata keçirilir.

Ərşad HÜSEYNOV, 
nəqliyyat üzrə ekspert

Ölkəmizdə, xüsusən də paytaxt Bakıda mikromobillik vasitələrinin real nəqliyyata çevrilməsi istiqamətində ciddi işlər görməyə ehtiyac var. Mikromobillik vasitələri dedik­də, əsasən velosipedlər və skuterlər, eləcə də müasir tələblərə, təhlükəsizlik qaydaları­na cavab verən, fərdi qaydada istifadə edilə bilən digər ikitəkərli nəqliyyat vasitələri nəzərdə tutulur. Hesab edirəm ki, bu nəqliy­yat vasitələrinin populyarlaşdırılması üçün çox işlər görmək lazımdır. 

Bu işləri isə 4 istiqamətə bölmək olar. Həmin istiqamətlərdən birincisi mikromo­billik vasitələrinin, velosipedlərin yaşayış məntəqələrinin küçələri ilə hərəkət etməsi, parklanması üçün infrastrukturun yaradılma­sıdır. Dediyim infrastruktura isə velosiped zolaqları, velosiped yolları və parklanma yerləri kimi üç mühüm element daxildir. Yeri gəlmişkən, velosiped yolları ilə velosi­ped zolaqları fərqli anlayışlardır. Velosiped yolu avtomobil yolundan təcrid olunur, fiziki olaraq ondan ayrılır. Velosiped zolağı isə av­tomobil yoluna bitişikdir, sadəcə olaraq xü­susi işarələnmiş xətlə avtomobillərin hərəkət zolaqlarından fərqləndirilir. Yəni, infrastruk­turla bağlı işlər, əsasən, bundan ibarətdir. 

İkinci istiqamətlə bağlı onu deyə bilərəm ki, ölkəmizdə velosipedin nəqliyyata çevril­məsi üçün ictimai şüurda, ictimai yanaşma­da olan maneə aradan qaldırılmalıdır. Həmin maneəyə misal olaraq deyim ki, hazırda insanlarımızın düşüncəsində belə bir fikir hakimdir: “Mən hara, velosiped hara”? Belə yanaşma isə müəyyən ictimai statusa malik şəxslərdə daha aydın nəzərə çarpır. Düşü­nürəm ki, bunu aradan qaldırmaq istiqamə­tində bəzi nümunələr əsasında müəyyən işlər görülməlidir. Məsələn, insanlara, xüsusən də ictimaiyyət arasında tanınan şəxslərə təlqin etmək olar ki, velosiped sürmək daha məqsə­dəuyğundur, dünyanın hər yerində bu nəq­liyyat vasitəsindən hamı istifadə edir. 

Üçüncü istiqmət ölkəmizdə velosiped parkının yaradılması ilə bağlıdır. Bu zaman ölkəyə keyfiyyətli, müasir texniki təchizatı olan, yolda təhlükəsiz hərəkət üçün yararlı olan velosipedlər gətirilməlidir. Daxildə də bunun istehsalını təşkil etmək olar. İstehsalla bağlı çətinliklər olduğu təqdirdə bunu idxal da etmək olar. Yəni müasir velosiped parkı yaradılsa, istənilən adam onu götürüb yolda təhlükəsiz hərəkət edə bilər. Yeri gəlmişkən, uşaq oyuncağı və ya idman vasitəsindən fərqli olaraq nəqliyyat vasitəsi kimi istifadə edilən velosipedlər tam təhlükəsiz, həm də təchizatı və keyfiyyətli yüksək olmalıdır ki, ondan istifadə edən adamı yolda qoymasın, texniki nasazlıq səbəbindən qəzaya uğrama­sın. 

Dördüncü istiqmət isə kifayət qədər çətin görünür. Bunun üçün velosiped idarə edən­lərə intizamla, qayda-qanun çərçivəsində, yol hərəkəti qaydalarına, işıqforun, nişanın və xəttin tələblərinə riayət etməklə hərəkət etməsini öyrətmək lazımdır. Eyni zamanda, digər hərəkət iştirakçıları, məsələn piyada­lar da, avtomobil sürücüləri də velosipedlə yanaşı hərəkət etməlidirlər. Bunu da cəmiy­yətə aşılamaq vacibdir. Sadaladığım bu dörd istiqaməti çərçivəsində bütün işlər paralel həyata keçirilməlidir. Bütün bunlarla yanaşı, 2018-ci ildə qəbul olunmuş “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nın reallaşdırılması, ölkəmizdə tıxacların aradan qaldırılması, sağlam həyat tərzinin təbliği, “yaşıl” texnologiyalara, “yaşıl” yanaşmalara keçid üçün velosipeddən istifadənin təşviq olunması, genişləndirilməsi və populyarlaş­dırılması istiqamətində işlər görülməlidir. 

Həmin işlərdən ən vacibi küçələrdə ve­losiped zolaqlarının yaradılması ilə bağlıdır. Velosiped yolları və velosiped zolaqları o vaxt səmərə verər ki, şəbəkələşmiş olsun. Yəni, bu yol və zolaqlarla şəhərin bu başın­dan o başınadək rahat getmək imkanı yara­dılsın. Artıq bu istiqamətdə lazımi işlər gö­rülür. Təbii ki, bu işlər hamı tərəfindən eyni cür qarşılanmır. Ümumiyyətlə, görülən işlər­lə paralel olaraq, həm də ictimai nəqliyyat inkişaf etdirilməlidir. Yeri gəlmişkən, dünya təcrübəsinə nəzər salsaq, görərik ki, hər han­sı bir şəhərdə normal, müasir infrastruktur yaratmaq, tıxacları azaltmaq, eləcə də əhali mobilliyini yaxşılaşdırmaq üçün bir nömrəli hədəf kimi ictimai nəqliyyatın inkişaf etdi­rilməsi əsas götürülür. Çünki ictimai nəqliy­yat: metro, avtobus, tramvay və s. inkişaf et­diriləndə insanlar fərdi avtomobillərindən və taksilərdən az istifadə edirlər. Belə olduqda küçələrin yenidən bölüşdürülməsi üçün yax­şı imkan yaranır. Bəs, yenidən bölüşdürülmə nədir? Gördüyümüz kimi, hazırda küçə və prospektlərimizdə velosiped yolları, velosi­ped zolaqları yaradılır. Hündürmərtəbəli bi­naları isə söküb yerində velosiped zolaqları salmaq, praktiki olaraq, mümkün deyil. Həm də səmərəli sayılmır. Məhz bu səbəbdən də mövcud yolların yenidən bölüşdürülməsi məqsədəuyğun hesab olunur. Yenidən bö­lüşdürülmə isə qeyd etdiyim sxem əsasında aparıldıqda ictimai nəqliyyat yenilənir, müa­sirləşir, təkmilləşir və insanlar üçün əlçatan olur. Həm də ictimai nəqliyyat qrafik əsasın­da işləsə, əhali ondan istifadə etməyə daha çox üstünlük verər. Üstəlik də, velosiped zo­laqları kifayət qədər olsa, insanlar istədikləri vaxt avtobusla və ya velosipedlə hərəkət edə bilərlər. 

Amma çox təəssüf ki, hazırda bizdə icti­mai nəqliyyat yerində sayır, hətta tənəzzülə doğru gedir. Əhali mobilliyinin təmin olun­masında əsas həlledici rolu fərdi avtomobil­lər və taksilər oynayır. Ona görə də velosiped zolaqları və ya yolları yaradılanda bəziləri deyir ki, qoymayın, yolumuzu əlimizdən aldılar, yolumuzu kəsdilər. Bax, bu işlər paralel getsə, hər şey gözəl olar. Zolaq çə­kilməklə bərabər, ictimai nəqliyyatın popul­yarlaşdırılmasına da nail olmaq lazımdır ki, görülən işlər öz səmərəsini versin. Cəmiyyət də bunu çox anlayışla qarşılasın. Görsün ki, hər şey gözəldir. Belə olsa, narazılıq edənlər də fikirlərini dəyişməyə başlayacaqlar.

Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ



Sosial həyat