Azərbaycan və Pakistan arasında elmi əməkdaşlıq məsələləri müzakirə olunub

post-img

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

AMEA-dan  bildirilib ki, görüşdə çıxış edən akademik İsa Həbibbəyli Pakistanın Azərbaycana dost, qardaş ölkə olduğunu, son illərdə ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən elm sahəsində geniş əməkdaşlıq münasibətlərinin qurulduğunu və inkişaf etdirildiyini söyləyib, bu istiqamətdə səfir Bilal Hayenin xidmətlərini yüksək qiymətləndirib.

Qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Pakistan Ədəbiyyat Akademiyası və Lahor Dövlət Kollec Universiteti ilə sıx münasibətləri var və AMEA-nın Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyatı Mərkəzi, Lahor Dövlət Kollec Universitetində isə öz növbəsində Azərbaycan Ədəbiyyatı Mərkəzi fəaliyyəti göstərir.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda ilk dəfə olaraq “Azərbaycan-Urdu dili lüğəti”nin hazırlandığını bildirən akademik İsa Həbibbəyli lüğətin nəşrindən sonra ölkəmizin turizm potensialına dəstək vermək məqsədilə danışıq kitabçasının da hazırlanacağını söyləyib. Həmçinin AMEA-nın Ədəbiyyat İnstitutu tərəfindən Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin Azərbaycan dilinə tərcümə olunduğunu, görkəmli ədiblə bağlı monoqrafiyanın hazırlandığını deyib və Pakistan ədəbiyyatı ilə bağlı tədqiqatların davam etdirildiyini vurğulayıb. Akademik İsa Həbibbəyli Pakistan Ədəbiyyat Akademiyasının sabiq prezidenti professor Yusuf Kuşk tərəfindən 200-dən çox kitabın AMEA-ya hədiyyə edildiyini, akademiya tərəfindən isə həmin nəşrlərin bir qisminin ali təhsil müəssisələrinin kitabxanalarına bağışlandığını bildirib.

Bundan əlavə, professor Yusuf Kuşkun dəstəyi ilə “Kitabi-Dədə Qorqud” dastanının və akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı kitabının urdu dilinə tərcümə edilərək Pakistanda təqdimatlarının keçirildiyini diqqətə çatdırıb. AMEA prezidenti Nizami Gəncəvinin əsərlərinin Pakistanda təbliğinin ədibin milli mənsubiyyəti ilə bağlı həyata keçirilən tədbirlərin davamı olduğunu söyləyib.

Akademik İsa Həbibbəyli, eyni zamanda, Lahor Dövlət Kollec Universitetinin müəllim-professor heyətinin ölkəmizə səfəri və AMEA-nın dəstəyi ilə Gəncə şəhərində Nizaminin məqbərəsini ziyarət etmələri barədə qonağa məlumat verib.

AMEA rəhbəri çıxışının sonunda elmi əlaqələrin ölkələrimizin bir-birini tanıması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib, dost və qardaş Pakistan dövlətinə və xalqına inkişaf və firavanlıq arzulayıb.

Səfir Bilal Haye akademiyada olmaqdan məmnunluğunu bildirib, 7 fevral - növbədənkənar prezident seçkilərində dövlət başçısı İlham Əliyevin qələbə qazanması münasibətilə təbriklərini çatdırıb.

Akademik İsa Həbibbəyli ilə ikinci dəfə görüşdüyünü qeyd edən səfir Bilal Haye onu Pakistan xalqının dostu hesab etdiyini bildirib, ölkələrimiz arasında elm sahəsində əlaqələrin inkişafında AMEA rəhbərinin fəaliyyətini yüksək qiymətləndirib. O, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Pakistanın tanınmış şair və filosofu Məhəmməd İqbalın əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasını təqdirəlayiq hal hesab edib, həmçinin əlaqələrimizin inkişafında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini Eynulla Mədətlinin xidmətlərini diqqətə çatdırıb.

Pakistanın Elmlər Akademiyası hesab edilən Pakistan Yüksək Təhsil Komissiyasının Azərbaycanın ali təhsil müəssisələri ilə əlaqələr qurmaqda maraqlı olduğunu bildirən Bilal Haye bu istiqamətdə AMEA rəhbərliyinin dəstəyinin vacibliyini vurğulayıb. Eyni zamanda, AMEA ilə Pakistan Ədəbiyyat Akademiyası arasında imzalanması nəzərdə tutulan anlaşma memorandumu ilə bağlı bir sıra məsələlər barədə məlumat verib.

O, ölkələrimiz arasında əlaqələrin inkişafında elmin rolunu yüksək qiymətləndirib və bu istiqamətdə tədbirlərə dəstək veriləcəyini söyləyib.

Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Elm