Aprelin 20-də Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfrans işə başlayıb. Tədbir çərçivəsində professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransın mövzusunun aktuallığından danışıb. O bildirib ki, builki tədbir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunur: “Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır. Bu qələbəni biz bu gün yeniləşən və qüdrətlənən Azərbaycanda, ölkəmizin nüfuzunun artmasında görürük, dövlətimizin başçısı İlham Əliyevin son 20 ildə düşünülmüş və müasirləşdirilmiş davamçılıq siyasətinin nailiyyətlərində görürük, Azərbaycan xalqının Prezidentə olan dərin ehtiram və sevgi duyğularında görürük. Rəhbər şəxsə bu münasibəti məşhur kəlamın dili ilə ifadə etsək: “İnsanlar üzərində əsl hakimiyyət yalnız onlara xidmət etməklə əldə olunur”.
Bugünkü reallıqlar Ulu öndərin qələbəsidir, xilaskarlıq missiyasından şanlı zəfər yolundadır, onun fikir və düşüncələrinin cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilməsidir.
Kapitulyasiya aktını imzalayan Armeniya rəhbərləri və separatçı qalıqları hazırda ağa axtarışındadır, “gah nala vurur, gah mıxa”. Odur ki, 2023-cü il martın 18-də dövlətimizin başçısının müraciətindəki fikirləri xatırladıram: “Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, hansı ki, indi onlar ancaq bunu istəyirlər, rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var...”.
Aprelin 18-də isə Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə isə demişdir: “...onlar [separatçılar] ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar”. Erməni siyasətçilərə bu xəbərdarlığı yaddaşlarında həkk etmək heç də artıq olmaz.
Yaxın keçmişə müraciət etsək, görürük ki, riyakarlıq və ikiüzlülük, uydurma və saxtakarlıq hay-erməni siyasətinin aparıcı ana xətti olub.
Haylara məxsus olmayan armen/erməni etnonimini və Armeniya (Ermənistan) adlı qədim toponimini mənimsəyərək, hay-erməni tarixşünaslığı Türkmənçay müqaviləsinin (1828) bağlanmasından sonra Şərqi və Qərbi Armeniya, hətta uydurma “böyük Armeniya” mövcudluğuna dair tezisləri fəal şəkildə gündəmə gətirməyə başladı. Çar Rusiyasının 1827-ci ildə işğal və Qacar İranın ruslara güzəşt etdiyi İrəvan və Naxçıvan xanlıqlarının torpaqları “Şərqi Armeniya” ərazisi elan olundu, hal bu ki, müqavilənin 16 maddəsindən heç birində bu toponim barədə tək kəlmə belə qeyd olunmamışdı.
İrəvan xanlığının torpaqlarında çar Rusiyası tərəfindən yaradılan və süni şəkildə şişirdilən yersiz hay-erməni ərazi iştahası Naxçıvan qəzasının Qarabağ, Zəngəzur torpaqlarına da iddialara təkan vermiş oldu. Hətta, bolşevik obrazına girmiş ikiüzlü erməni milliyyətçiliyi və daşnak terroru sonralar bu torpaqların bir qisminin qopartmasına gətirib çıxardı.
1918-ci ildə V.Lenin Naxçıvanın və Zəngəzurun daşnaklara verilməsi haqqında dekret imzaladı, yalnız N.Nərimanovun sovet rəhbərlərinə ünvanlandığı sərt tələbləri, bu torpaqlarda yaşayan əhalinin şiddətli etirazları və Türkiyənin qəti mövqeyi 1921-ci ildə Türkiyə və Sovet Rusiyası arasında yaradılmış Naxçıvan Muxtar Respublikasının Azərbaycanın protektoratı altına verilməsi haqqında müqavilə ilə nəticələndi. Erməni iddialarının könlünü almaq üçün isə əvvəlcə Zəngəzur qəzası, 1922-ci ildə isə Göycə (Şərur-Dərələyəz) Azərbaycandan qoparılıb Ermənistana verildi. Bu azmış kimi, bir də 1923-cü ildə Azərbaycan ərazisində Dağlıq-Qarabağ Muxtar vilayəti yaradıldı.
Nədir Şərqi Armeniya? Uydurma “Şərqi Armeniya” torpaqsız Sovet Armeniyasının məhz bu yolla Azərbaycan əraziləri hesabına yaradılmasıdır. Əvvəlcə “Şərqi Armeniya” çar Rusiyasına birləşməsi adı altında Azərbaycan ərazilərində yaradılmış bu milli erməni yuvası mahiyyətcə ərazilərin hərbi işğalı ilə nəticələnən təcavüzkarlıq, Sovet dövründə isə sülh yolu ilə ermənilərin ərazi iddialarını təmin edən güzəşt olmuşdur. Uydurma “parçalanmış erməni torpaqları” tarixi İkinci Dünya müharibəsindən sonra aktuallaşdı, çünki, Sovet Rusiyasının Ərdahanı və Qarsı Türkiyəyə qaytarılmasını nəzərdə tutan və 1921-ci ildə imzalanan Türk-Sovet müqaviləsinə yenidən baxılmasını planlaşdıran Stalinin niyyətlərinə uyğun idi. Şükür, Stalinin niyyəti baş tutmadı, ancaq mövcud olmayan “Şərqi Armeniya” çərçivəsində tarixi Azərbaycan əraziləri haylar tərəfindən erməniləşdirildi, bu azmış kimi Sovet tarixi elminin dəstəyi ilə erməni tarixşünaslığı hayların bu torpaqlardakı qədimliliyinə dair yalan və uydurmaları tirajlamağa başladı. Bunun üçün qondarma hay-erməni çar sülalələri uyduruldu, “Şərqi Armeniyanın” Rusiyaya xəyali birləşməsi aspektində Kürəkçay müqaviləsinin əsasnamələri təhrif olunmağa başlandı, Qafqaz Albaniyasının tarixi, bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin maddi və qeyri maddi mədəni irsi, ümumiyyətlə hay-ermənilərin bu ərazilərdə avtoxtonluğunu “sübut” edə biləcək hər bir şey saxtalaşdırılaraq mənimsənilməyə məruz qaldı.
Bu gün də hay-erməni uydurma qədimliliyi erməniçiliyin təcavüzkar və riyakar izini sürdürür. Heç də təsadüf deyil ki, XVI-XVII əsrlərə dair erməni xalqının tarixi adı altında Azərbaycanın Qarabağ, Gəncə, İrəvan, Naxçıvan və Zəngəzur diyarlarının tarixi təsvir olunur. XV əsrdə patriarx taxtının Eçmiyədzinə köçürülməsindən sonra (Eçmiədzində patriarxat yeparxiyasız fəaliyyət göstərirdi, çün ki yeparxiya Kiçik Asiyada qalmışdı) ermənilər bu dövrü lovğalanaraq erməni tarixinin “Eçmiyədzin dövrü” adlandırdılar.
Bundan başqa onlar müxtəlif siyasi və elmi dairələrdə belə bir fikir yaymağa başladı ki, “Qərbi Ermənistan” hələ də Türkiyənin tərkibində qalıb.
Ümumiyyətlə, erməniçilik sayca neçə Armeniya adlı toponim işlədir? Armenistlərin yazı ənənəsini qoyan “erməni tarixinin atası” M.Xorenski V və ya VII əsrlərdə, bəlkə də XIV əsrdə (əslində müəlliflik və yazı tarixi sual altında qalır) yazdığı “Патмутюн Хайоц” (“Hayların tarixi”), “İncili” təftiş, “Xalqlar cədvəli”nə Hayk, Armenak və s. fantomları daxil edərək, hay etnosunun Sakalara, Qəmərlilərə qohumluğunu çatdıraraq, hətta Torqom (Toqarma) əcdadlarına (türk soy-kökü) çevirərək, 5 Armeniya (1-4 və yunan) iddiasını irəli sürmüşdü. İki əsr sonra isə A.Şirakatsi öz “Aşxaratsuyts”unda (“Coğrafiya”) yenə də anonim deyil, müəllif kimi artıq 8 Armeniya vermişdi, indi isə “Armeniya”ların sayı 35-ə çatıb.
Bəs neçə dənə “Armeniya” adlı dövlət mövcud idi? Bugünkü dövlətləri istisna olmaqla, heç bir dənə. Odur ki, avtoxton xalqlardan fərqli olaraq, erməni alimləri “Armeniya tarixi“ni yox, Ermənilərin tarixi”ni, bir sözlə, etnosun tarixini yazmaq məcburiyyəti qarşısındadırlar, ya da “Hayastan” adlı ölkəsi olmayan mifoloji Hayların tarixini yazırlar və burada digər xalqların ərazisindən və tarixindən söhbət açırlar.
Erməni siyasətinin əsas dəst-xəti mifologiyadır. Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı məqsəd quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olur. Erməni etnik aləminin mənzərəsinin bir hissəsi olan məhz bu mifologiya zahiri reallığın və burada cəmləşən əxlaq mexanizminin erməni etnosu tərəfindən qavranılması üsulunu müəyyən edir. Fikir verin. Bir neçə müasir politoloqların, o cümlədən S.B.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyaraq, ermənilərin yaşadığı yerlər əsasında müəyyən coğrafi xəritə qurmaq və yaşadığı yerləri özləri üçün növbəti “Ermənistan” adlandırmaqdan ibarətdir.
Tarixi haşiyənin sonunda ən məşhur qərb filosof-hüquqşünasların dəfələrlə istinad etdiyimiz fikirlərini yada salmaq yerinə düşərdi. Nobel laureatı, liberal fəlsəfənin banisi Fridrix fon Hayek deyirdi: “İnsanların həyatını mümkün edən onların fəaliyyətinin nizamlanması, vərdişlərinin düşünülmüş qayda-qanunlarla əvəz edilməsi və hüquqi normalara riayət edilməsidir”. Əks halda, digər qərb alimi, liberal hüququn banisi İyeremiya Bentamın dediyi kimi, “Prinsiplərə riayət etməkdən imtina edən xalqlar gec-tez gücə tabe olmalıdırlar”. Vətən müharibəmiz, Qarabağnaməmiz, müzəffər Ali Baş Komandanın qətiyyəti, əsgər və zabitlərimizin şücaəti bir daha bu deyilənlərin əyani sübutudur.
Kamran İmanov çıxışında, həmçinin əqli mülkiyyət məsələlərinə toxunub. Qeyd edib ki, Ümummilli Liderin uzaqgörənliyi nəticəsində yaradılan, müəllifi olan milli əqli mülkiyyət sistemi Prezident İlham Əliyevin səyləri və dəstəyi nəticəsində uğurla inkişaf edir.
Özü də əqli mülkiyyətin (ƏM) sürətlə dəyişən anlayışı dövründə, özündə çərçivə, sistem formalaşdıran amil kimi hüquq (yurisprudensiya) ilə yanaşı, iqtisadiyyatı və sosiologiyanı nəzərdə tutan dövrdə. Bu isə o deməkdir ki, bir tərəfdən ƏM institutunun sinergetikası, emergentliyi nəzərə alınmalıdır, digər tərəfdən isə ƏM ekosisteminin institusional dəyişikliklərini gündəmə gətirilmiş olur.
Prezident İlham Əliyevin həyata keçirdiyi institusional islahatlar çərçivəsində uzun illər bir-birindən ayrılıqda fəaliyyət göstərən sənaye mülkiyyətinin (ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları) və müəlliflik hüququnun (Copyright) bir örtük altında birləşdirilərək Əqli Mülkiyyət Agentliyinin yaradılması, Respublika Elmi-Texniki Kitabxanasının Agentliyin tərkibinə verilməsi Agentliyin tabeliyində üç mərkəz – Patent və Əmtəə Nişanlarının Ekspertizası, Əqli Mülkiyyət Hüquqlarının Təminatı və Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzləri yaradılması ilə nəticələnib.
Həyata keçirilən digər infrastruktur layihəsi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təlim mərkəzlərinin statusuna bərabər olan “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi”, habelə Agentliyin nəzdində Bakı Dövlət Universitetinin Agentliklə birgə yaradılan Əqli mülkiyyət hüququ kafedrası və kafedranın filialı fəaliyyətdədir, Agentlikdə tələbələrin təhsili üçün müasir avadanlıqlarla təchiz edilmiş SMART tipli auditoriyalar ayrılıb. Belə bir kafedra Azərbaycan Memarlıq və İnşaat Universitetində də yaradılıb və onun filialı Agentlikdə yerləşəcək.
İnfrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində Agentlikdə yaradılan sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi xüsusi olaraq qeyd olunmalıdır. Bu sahədə tətbiq edilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi açıqlıq, operativlik və şəffaflığı təmin etmiş, ixtira və patent fəallığının artmasına müsbət təsir göstərib, həmçinin dövlət xidmətlərinin səviyyəsini yüksəldib.
Avrasiya ölkələri içərisində ilk olaraq ölkəmizdə rəqəmsal üçölçülü (3D) obyektlər üzrə iddia sənədlərinin qəbuluna başlanılıb.
Son illər əqli mülkiyyət sahəsində aparılan məqsədyönlü işlər ölkəmizin beynəlxalq reytinqlərdə mövqelərinin möhkəmlədirilməsində əhəmiyyətli rol oynayır. Dünya İqtisadi Forumunun sonuncu Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Hesabatına görə (2022-ci ilə görə Hesabat hələlik dərc olunmamışdır), Azərbaycan 141 ölkə arasında “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 30-cu yeri tutur və bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Avropa ölkələrini qabaqlayır.
132 ölkəni əhatə edən “Qlobal İnnovasiya İndeksi (Qİİ) 2022 Hesabatı”nda Azərbaycan “İnnovativ resurslar” alt indeksi üzrə reytinqdə 79-cu yeri tutur. “İnnovasiya əlaqələri” istiqaməti üzrə Azərbaycan 56-cı yerdə qərarlaşıb.
2022-ci ildə daha bir beynəlxalq təşkilat - “Mülkiyyət Hüquqları Alyansı” (“The Property Rights Alliance”) tərəfindən hazırlanmış 129 ölkəni əhatə edən Hesabatda Azərbaycan reytinqdə 60-cı yeri tutaraq Ermənistan (63), Gürcüstan (72), Qazaxıstan (75), Rusiya (85), Moldova (95) və Ukraynanı (105) qabaqlayır.
“Əqli mülkiyyət hüququ” qrupunda ölkəmiz Qazaxıstan (86), Moldova (90), Ermənistan (91), Ukrayna (93) və Gürcüstandan (112) irəlidədir, üstəlik “Əqli mülkiyyətin mühafizəsinin dərk edilməsi” göstəricisinə görə Azərbaycan reytinqdə yüksək 30-cu yeri tutur.
ABŞ Dövlət Departamentinin 2022-ci ildə Azərbaycanın investisiya mühiti haqqında yaydığı hesabatın (“2022 Investment Climate Statements: Azerbaijan”) 5-ci bölməsinin “Əqli mülkiyyət hüquqları” hissəsində də ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması səviyyəsinin yaxşılaşması qeyd edilib.
Dövlətimizin başçısının 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Əqli Mülkiyyət Agentliyinin qarşısında “İnnovasiya ekosisteminin inkişafı” istiqaməti üzrə əqli mülkiyyət hüquqlarının beynəlxalq səviyyədə qeydiyyatının stimullaşdırılması; effektiv patent qeydiyyatı prosedurlarının qurulması və əqli mülkiyyət hüquqları ilə bağlı məlumatlılığın artırılması və s. vacib vəzifələr, o cümlədən Azərbaycan məhsullarının və “Made in Azerbaijan” brendinin hədəf bazarlarda aktiv təşviqi, mədəni və yaradıcı sənayelərin dinamik inkişafının təmin edilməsi, startapların inkişafı üçün zəruri İKT infrastrukturunun gücləndirilməsi və s. məsələlər dayanır.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri Fuad Axundov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan Nuri Aksu çıxış ediblər.
Çıxışlarda erməni yalanlarının və saxtakarlıqlarının ifşa edilməsində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun fəaliyyəti xüsusilə vurğulanıb, konfransın mövzusunun aktuallığı qeyd edilib, bu tədbirin elmi platforma olduğu diqqətə çatdırılıb.
Konfrans çərçivəsində, həmçinin erməni saxtakarlığını ifşa edən “Tarixin izi ilə” silsiləsindən “Keçmişin böyük yalanları: Armeniya və Hayastan” televiziya filmi nümayiş etdirilib.
Konfransda professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri”, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru Kərim Şükürovun “Zəngəzurun tarixi demoqrafiyası” mövzusunda məruzələr dinlənilib.