Bakıda və Abşeron yarımadasında yağıntıların intensivliyi və anomaliyası yüksək olub

post-img

Milli Hidrometeorologiya Xidmətinin çoxillik müşahidə məlumatlarına əsasən, Bakı və Abşeron yarımadasında indiyədək qeydə alınmış rekord yağıntı göstəriciləri ilə müqayisədə cari ilin mart ayında müşahidə edilən yağıntılar əhəmiyyətli dərəcədə yüksək olub.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının miqdarı 36,8 millimetr təşkil edib ki, bu da aylıq normanın təxminən 150 faizinə bərabər olub.

Cari ilin mart ayının 27–28-də isə ümumilikdə 143 millimetr yağıntı qeydə alınıb. Bu isə aylıq normanın 606 faizini təşkil edir.

Aylıq göstəricilərə gəldikdə, 1988-ci ilin mart ayında Bakı və Abşeron yarımadasında ümumilikdə 83 millimetr yağıntı düşüb ki, bu da aylıq normanın 352 faizinə bərabər olub. 2026-cı ilin mart ayının ilk 28 günü ərzində isə yağıntının miqdarı 151 millimetr təşkil edib. Bu göstərici aylıq normanın 640 faizidir, yəni təxminən 6 dəfə çoxdur.

Beləliklə, müşahidə olunan yağıntı göstəriciləri 1988-ci ilin müvafiq rekordları ilə müqayisədə sutkalıq maksimum üzrə təxminən 4 dəfə, aylıq göstərici üzrə isə təxminən 2 dəfə çoxdur. Bu isə cari dövrdə yağıntıların intensivliyinin və anomaliyasının yüksək olduğunu göstərir.

XQ

Ekologiya