Fevralın 6-dan başlayaraq Lerik rayonu ərazisinə yağan güclü qar fevralın 8-i günorta saatlarınadək davam edib. Nəticədə Lerik şəhəri və ətraf yaşayış məntəqələrində qarın hündürlüyü 50-60 santimetr, yüksək dağlıq ərazilərdə isə 80-90, bəzi kəndlərdə hətta 100 santimetrə çatmışdır.
Məlumatı redaksiyamıza telefonla əlaqə saxladığımız Lerik rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov verib.
Ə. Bayramov əlavə edib ki, son illər rayonda belə yağıntı çox nadir hallarda müşahidə edilib. Aramsız yağan güclü qar nəticəsində Çayrud, Rvarud, Veri, Tikəband, Coni, Orand, Nurəvud və sair yaşayış məntəqələri ilə rayon mərkəzi arasında əlaqə kəsilib. Lakin elə ilk gündən Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasovun göstərişi ilə yaradılmış xüsusi mexanikləşdirilmiş briqadalar dərhal hərəkətə keçərək tədbirlər görülməyə başlayıblar. Bu gün əksər kəndlərlə rayon mərkəzi arasında əlaqə bərpa olunmaqdadır. Bununla paralel olaraq şəhərdaxili yollar qardan təmizlənir və əhalinin sərbəst və təhlükəsiz hərəkəti təmin olunur.
Yağan qar əsasən rayonun yüksək dağlıq ərazilərində yerləşən yaşayış məntəqələrində problemlər yaradır. Bir çox kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Lakin “Azərişıq” QSC rəhbərliyinin tapşırığına əsasən qurumun Cəlilabad, Lənkaran, Masallı rayonlarından cəlb edilmiş xüsusi mexaniki briqadaların dəstəyi ilə görülmüş işlər nəticəsində əhalinin elektrik enerjisi ilə təminatında yaranan problemlər tədricən aradan qaldırılmağa başlanıb.
Bu gün də bir çox kəndlərin enerji təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Lerik şəhərinin özündə əhalinin su, ərzaq, enerji daşıyıcıları və digər zəruri təminatlarında hər hansı problem müşahidə olunmur.
Müsahibimiz sonda onu da əlavə etdi ki, hazırda rayon ərazisində qarlı hava şəraiti davam etməkdədir.
İ.RÜSTƏMOV
XQ
P.S. Lerikin qarlı mənzərələrinin fotolarını bizə Seyran İsmayılov göndərib.