Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu evsahibliyi bütün dünyada birmənalı olaraq bəyənilir, bu mötəbər tədbirdə əldə edilmiş yekun nəticələr geniş müzakirə olunur.
Böyük Britaniyanın Ekseter Universitetinin biznes əlaqələri və innovasiyalar üzrə prorektoru doktor Stüart Brokliharst bildirib ki, Azərbaycan COP tarixində ən yaxşı təşkil olunmuş tədbirlərdən birinə evsahibliyi etdi. Xəzər Siyasət Mərkəzinin Londonda təşkil etdiyi “Xəzər Enerji Təhlükəsizliyi və COP29-dan sonra” mövzusunda keçirilmiş konfransda britaniyalı alim Bakının COP29-a çox qısa bir zamanda hazırlaşdığını xatırladaraq deyib ki, Avstraliya hələ rəsmi olaraq COP31-in ev sahibi elan olunmasa da, onların diplomatik komandası bu tədbir üçün artıq hazırlıqlara başlayıb. Bakının isə hazırlıq üçün bir ildən az bir zamanı olmasına baxmayaraq, bu qədər qısa müddətdə belə bir tədbirin təşkilinə nail olması böyük bir uğurdur.
Azərbaycan paytaxtında keçirilən bu tədbirdə siyasi liderlərdən tutmuş biznes rəhbərlərinə, mütəxəssislərə qədər çox geniş spektrli şəxslərin iştirak etdiyini xatırladan Stüart Brokliharstun sözlərinə görə, onların bəziləri, bəlkə də, adi halda Xəzər dənizi regionuna səfər etməzdi: “İştirakçılar tədbir zamanı Azərbaycan insanlarının və mədəniyyətinin qonaqpərvərliyi ilə bağlı çox müsbət təəssüratlarla qayıdıblar. Veteran COP iştirakçıları arasında tədbirin son illərdəki bütün COP-lardan daha yaxşı təşkil edildiyini vurğulayan çox sayda insan var idi”.
Bakı iqlim konfransının gələcək üçün əhəmiyyətini vurğulayan britaniyalı alim diqqətə çatdırıb ki, bu tədbir gələn il Braziliyada keçiriləcək COP30 üçün zəmin hazırlamaq baxımından mühüm rol oynayıb. “Bu COP təkcə özlüyündə əhəmiyyətli deyildi, eyni zamanda, növbəti ilin iqlim dəyişikliyi müzakirələri üçün ciddi bir baza təmin etdi”, – deyə o əlavə edib.