Azərbaycanın yaşıl hidrogen potensialı

post-img

Xəzərin külək, Naxçıvanın günəş enerjisi imkanları böyük maraq doğurur

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin ölkə mediasına bildirdiyinə görə, COP29-da diqqətçəkən ən mühüm məsələlərdən biri Azərbaycanın ilk dəfə olaraq bu konfransda Hidrogen üzrə Milli Strateji Baxış sənədini təqdim etməsi idi. Bu sənəd çox böyük maraq doğurdu və respublikamızın hidrogen istehsalı ilə bağlı strateji baxışını ortaya qoydu, eləcə də bu istiqamətdə hədəflərini dünyaya nümayiş etdirdi.

C.Abdullayevin sözlərinə görə, son illər Azərbaycanda hidrogen istehsalı və ixracının əhəmiyyəti ilə bağlı geniş təhlillər aparılıb. Xəzər dənizindən, Azərbaycandan Avropaya Qara dənizin dibi ilə keçməkdə olan ixrac marşrutu daxilində də hidrogen komponentinin olacağı barədə araşdırmalar da yüksək dəyərləndirilib. Ümumiyyətlə, hidrogenin Azərbaycanda istehsalı və ixracı ilə bağlı konkret hədəflər nəzərdə tutulub və yaxın perspektivdə layihələrin icrası istiqamətində fəaliyyətə başlanılacağı proqnozlaşdırılıb.

Agentlik direktoru müsahibəsində Azərbaycanın gələcəkdə istehsal edəcəyi hidrogeni dünya bazarlarına ixracı üçün Cənub Qaz Dəhlizinin (CQD) imkanları barədə də fikirlərini bölüşüb: “CQD vasitəsilə ixrac imkanları araşdırılır. Bu dəhlizlə ixracın mümkünlüyünün, təxminən, 20 faiz ətrafında olduğu qeyd edilir. Ayrıca ixrac boru kəmərinin inşası da masa üzərində təhlil olunacaq ssenarilərdən biridir. Faydalı ola biləcək daha bir ssenari də yüksəkgərginlikli elektrik verilişi xətləri ilə hidrogen istehsal edəcək qurğuların istehlakçıya yaxın yerlərdə yerləşdirilməsidir. Belə halın hidrogenin maya dəyərinin kifayət qədər ucuzlaşmasına səbəb ola biləcəyi vurğulanır. Bunlar təbii ki, hər biri çox ciddi modelləşmənin nəticəsi olaraq meydana gəlməlidir. Bu modellər artıq qurulub və müəyyən ssenarilər üzrə artıq bu modellərin nəticələri də bilinir”.

“Yaşıl” hidrogenin Azərbaycanda istehsal edilməsi strategiyasının hazırlanması üçün cəlb olunan şirkəti Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyələşdirəcəyini bildirən C.Abdullayev vurğulayıb ki, bu məsələdə bank, ilk növbədə, öz marağını ifadə edir. Təbii ki, burada Azərbaycan hökumətinin qərarının olması və bankın müəyyən zəruri hazırlıq işləri görməsi də vacib şərtdir.

Yeri gəlmişkən, Azərbaycanda hidrogen istehsalının kifayət qədər faydalı olduğu barədə “Advision” şirkəti ilkin tədqiqatlara əsaslanan hesabat hazırlayıb. Bu hesabatda hidrogen istehsalının səmərəliliyi üçün günəş və külək stansiyaları arasında optimal balans tapılmasının zəruriliyi, habelə onların hibrid formada hidrogen istehsalına cəlb olunacağı təqdirdə Azərbaycanda hidrogen istehsalının maya dəyərini aşağı düşəcəyi qeyd edilib.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətovanın hidrogen istehsalı ilə bağlı bəzi fikirlərini də bu məqamda diqqətə çatdırmaq istərdik. Şöbə müdirinin sözlərinə görə, uzun bir dövr ərzində dünyada tələbat əsas enerji daşıyıcısı kimi kömür, neft və qaz kimi yanacaq növləri ilə ödənilib. Ancaq zaman keçdikcə bu ənənəvi resurslar həm azalmağa başlayıb, həm də onların istifadəsinin ekoloji tarazlığın pozulmasına təsiri aydın nəzərə çarpıb. Təbii ki, belə bir şəraitdə hidrogen enerjisinə maraq da artıb.

Hidrogen özü yüngül olduğu üçün yanma zamanı ondan 3 dəfə çox istilik almaq mümkündür. Təsadüfi deyil ki, bu sahədə mövcud potensialın zənginliyinə və ekoloji təmizliyinə görə hidrogen “gələcəyin yanacağı” adlandırılır.

Əsas enerji mənbələrindən biri sayılan hidrogen iqlim böhranı ilə səmərəli mübarizədə və davamlı inkişafı dəstəkləməkdə əhəmiyyətli rol oynayır. Uzun bir dövrdə güclü transformasiyaya uğrayan hidrogen enerjisi bu gün “yaşıl” gələcəyə gedən yolda daha çox diqqət çəkir, karbonsuzlaşma prosesində mühüm önəm daşıyır, davamlı inkişafın əsas komponentləri sırasında yer alır.

Avropa Yenidənqurma və İnkişaf Bankının tədqiqatlarında Azərbaycan ekoloji cəhətdən təmiz hidrogen istehsalının məqsədəuyğun olduğu ölkə kimi təsdiqlənib. Bununla yanaşı, adıçəkilən bankın dəstəyi ilə Niderlandın tanınmış “Advision” şirkəti respublikamızın hidrogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlilini də uğurla gerçəkləşdirib. Qurumun hesabatında ölkəmizin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alıb.

Hazırda ölkəmiz Avropa İttifaqı ilə birgə “yaşıl” enerji dəhlizini inkişaf etdirir. Bu təşəbbüs Azərbaycanda istehsal olunan bərpaolunan enerjinin Avropaya nəqlinə yönəlib. Respublikamızı “yaşıl” enerji dəhlizinin yaradılması üzrə Qazaxıstan və Özbəkistanla birləşdirən daha bir layihə də icra mərhələsindədir. Bu təşəbbüsdə ekoloji cəhətdən təmiz hidrogen həyati əhəmiyyətli rol oynayır.

Azərbaycan zəngin təbii qaz ehtiyatlarına (“Şahdəniz” yatağı), eləcə də yüksək bərpaolunan enerji mənbələri potensialına sahib olmaqla aşağı karbonlu hidrogen iqtisadiyyatını inkişaf etdirmək üçün yüksək mövqeyə malikdir. Bu isə ölkədə həm “yaşıl”, həm də “mavi” hidrogenin istehsalı üzrə inkişaf perspektivlərinin olması deməkdir. Bununla belə, “mavi” hidrogenin istehsalı zamanı karbon qazının tutulması və saxlanması kimi məsələlərin ətraflı araşdırılması tələb olunur.

“Yaşıl” hidrogenin istehsalı üçün optimal halda LCOH (Levelized cost of hydrogen) göstəricisi 2,92 €/kq olaraq qiymətləndirilir. Bu optimal variantda ən ucuz bərpa olunan enerji kombinasiyası üçün Xəzər dənizində Azərbaycanın şərq hissəsinin külək enerjisindən və Naxçıvan bölgəsində daha ucuz başa gələn günəş enerjisindən istifadə nəzərdə tutulur.

“Yaşıl” hidrogenin istehsalı ilə müqayisədə daha ucuz başa gələn “mavi” hidrogenin Azərbaycanda tətbiqi üzrə bir sıra çətinliklər mövcuddur. Məsələn, karbon qazının tutulması və saxlanılması ilə bağlı texnologiyanın tətbiqindəki qeyri-müəyyənliyin nəzərə çarpması, istehsal olunan “mavi” hidrogenin beynəlxalq aşağı karbon standartlarına cavab verməməsi, təbii qaza tələbatın artması kimi çağırışlar var.

 

Ekologiya