Bölgədə 550-dən çox tikilidə günəş panelləri quraşdırılıb
“Yaşıl” enerjiyə keçid ölkəmizin dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. İşğaldan azad edilmiş ərazilərdə də bərpa olunan enerji mənbələrindən istifadə edilərək, dayanıqlı enerji istehsalına yönələn genişmiqyaslı layihələr həyata keçirilir.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Cəbrayıl Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq olunan “yaşıl” texnologiyaların üstünlükləri və bu sahədə əldə olunan nailiyyətlər barədə mediaya məlumatında bildirib ki, hazırda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri və digər istiqamətlərdə işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzuru “yaşıl” enerji zonası elan etdiyini vurğulayan C.Əliyev qeyd edib ki, dövlətimizin başçısının 2021-ci ildə imzaladığı müvafiq sərəncamla işğalçıdan azad olunan ərazilərin bərpası üzrə Konsepsiya hazırlanıb. Eyni zamanda, Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl” enerji zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiqlənib. Ötən müddətdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının gerçəkləşdirilməsi, enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi, elektrik nəqliyyat vasitələrindən istifadə üçün infrastrukturun qurulması, tikililərin damlarında bərpa olunan enerji qurğularının yerləşdirilməsi, xüsusən günəş panellərinin quraşdırılması, həmçinin küçələrin və yolların LED lampaları ilə işıqlandırılması kimi “yaşıl” həllərin tətbiqi istiqamətində genişmiqyaslı işlər görülüb.
C.Əliyev vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə ümumi qoyuluş gücü 270 MVt olan 32 ədəd su elektrik stansiyası ilə yanaşı, 550-dən çox fərdi yaşayış evində və ictimai binalarda, ümumilikdə, 3 min kVt-dan çox gücə malik günəş panelləri quraşdırılıb. Laçın rayonunun Zabux və Sus kəndlərində hər bir fərdi yaşayış evində, inzibati binada, məktəb və uşaq bağçasında damüstü günəş panelləri quraşdırılaraq vətəndaşların istifadəsinə verilib. Laçın şəhərində isə 24 fərdi yaşayış evinin hər birinin üzərində 3-5 kVt gücündə günəş panelləri sistemi həm şəbəkəyə qoşulmaqla, həm də avtonom olaraq quraşdırılıb.
Bu texnologiyaların tətbiqi enerji təminatını ekoloji cəhətdən təmiz etməklə bərabər əhali üçün elektrik enerjisinə olan xərcləri əhəmiyyətli dərəcədə azaldır. Gələcəkdə yeni tikiləcək fərdi yaşayış evlərində və ictimai binalarda da damüstü günəş panellərinin quraşdırılmasının davam etdiriləcəyi nəzərdə tutulur.
Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə küçə və yolların işıqlandırılmasında istifadə edilən LED işıqlandırma sistemi enerjiyə qənaət etməklə yanaşı, şəhərlərin estetik görünüşünü də yaxşılaşdırır.
Elektrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə ətraf mühitin qorunmasına töhfə vermək məqsədilə bu ərazilərdə elektrik doldurma məntəqələrinin sayı da artırılır.